IMG-LOGO

Azərbaycanın payına düşən neft-qaz gəlirləri bu il 5 milyard dollar səviyyəsində proqnozlaşdırılır

12 Jan 2026 11:51 4 baxış
IMG

Bu il Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin 5 milyard 30 milyon ABŞ dolları (8 milyard 551 milyon manat) təşkil edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinə dair rəyində qeyd olunub.

Rəyə əsasən, bu göstərici 2024-cü ilin faktiki icra səviyyəsindən 2 milyard 910,4 milyon manat və ya 25,4 %, 2025-ci ilin proqnoz göstəricisindən isə 1 milyard 246,3 milyon manat və ya 12,7 % azdır.

Məlumatda bildirilib ki, 2026-cı ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaqla hesablanıb. Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin sərmayəçi, payçı və ya tərəfdaş olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər bu məbləğə daxil edilməyib.

Qeyd olunub ki, ARDNF-in 2026-cı il üçün büdcəsində Fonda mədaxil olunması nəzərdə tutulan mənfəət nefti və qazdan əldə ediləcək gəlirlər müəyyən edilərkən yataqlarda hasil olunan neft və qazdan Azərbaycan dövlətinə məxsus mənfəət payının həcmi əsas götürülüb.

Xəbər lenti