İsrailin Baş naziri Benyamin Netanyahu və ölkədə səfərdə olan Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt kibertehlükəsizlik, terrorizmlə mübarizə və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bəyannamə imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının mətbuat xidməti məlumat yayıb.
Bəyannamə "Berlin ilə dərin əməkdaşlığı" təsbit edir və təhlükəsizlik sahəsində mövcud öhdəliklərin praktiki birgə fəaliyyətə çevrilməsinə yönəlib. Sənəddə kiberhücumlar və beynəlxalq terrorizm də daxil olmaqla, müasir təhdidlərlə mübarizəyə xüsusi diqqət yetirilir.
Sənəddə həmçinin vurğulanır ki, İran və onun dəstəklədiyi strukturlar regional sabitliyə və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.
Bundan əlavə, Almaniyanın İsrail qarşısında tarixi məsuliyyəti xüsusi qeyd olunur. İsrail tərəfinin bildirdiyinə görə, bəyannamə Berlinin Holokostun xatirəsinin qorunmasına, o cümlədən "Yad Vaşem" memorial kompleksi ilə əməkdaşlığa sadiqliyini əks etdirir.