IMG-LOGO

Bu il Qazaxıstan BTC marşrutu ilə tədarük edəcəyi neftin həcmini açıqlayıb

16.01.2024 17:18 64 baxış
IMG

Bu il Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri marşrutu ilə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırır.

Bu barədə “Report” Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, bu il Qazaxıstanda neft və qaz kondensatının hasilatı 90,3 milyon ton səviyyəsində olacağı planlaşdırılır. İxrac həcminin 70,8 milyon tona, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə 56,7 milyon tona çatacağı gözlənilir.

Xatırladaq ki, 2023-cü ildə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti