Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlili zamanı gəlir proqnozları ilə bağlı risklərin mövcud olduğunu üzə çıxarıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Auditor hesabatında bildirilib ki, növbəti büdcə ili üçün gəlir mənbələrinin böyük hissəsi artımla proqnozlaşdırılsa da, bəzi istiqamətlər üzrə proqnoz göstəricilərinin icrası risk yarada bilər.
Xüsusilə ayrı-ayrı vergi növləri üzrə cari ilin icra nəticələrinin proqnozları tam doğrultmaması növbəti dövr üçün ehtiyatlı yanaşmanın zəruri olduğunu göstərir.
Hesablama Palatası qeyd edir ki, gəlir proqnozlarının tərtibi zamanı makroiqtisadi göstəricilər, vergi bazasının real vəziyyəti və iqtisadi aktivlik səviyyəsi daha dərindən nəzərə alınmalıdır. Hesabatda gəlir proqnozlarının iqtisadi əsaslandırılmasının gücləndirilməsi və potensial risklərin əvvəlcədən qiymətləndirilməsi tövsiyə olunur.
Palata hesab edir ki, bu yanaşma büdcə icrasında mümkün kəsirlərin qarşısının alınmasına və maliyyə dayanıqlığının təmin edilməsinə xidmət edəcək.