"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, buna səbəb səhmdarlardan birinin - "Bakı Sığorta" ASC-nin ləğv olunması və bu proses çərşivəsində müştərək müəssisədəki payının geri götürülməsidir.
Onun payı digər 6 səhmdara - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta" və "Azsığorta" ASC-lərə ötürülüb. Son nəticədə digər səhmdarların hər birinin payı 14,29 %-dən 16,67 %-ə yüksəlib.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkət Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır, sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.