IMG-LOGO

Azərbaycanda "İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı" yekunlaşıb

29 Dec 2025 17:00 3 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika fakültəsinin tələbələri üçün təşkil etdiyi "İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı" başa çatıb.

"Report" AMB-yə istinadən xəbər verir ki, qurumda proqramın bağlanış mərasimi keçirilib.

Tədbirdə proqramın məzunu olan tələbələr, BSU və media rəhbərləri, həmçinin AMB-nin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən qurumun sədr müavini Əli Əhmədov kommunikasiyanın müasir dövrdə artan əhəmiyyətinə diqqət çəkərək maliyyə və iqtisadi proseslər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının institusional etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, AMB-nin şəffaflığın artırılması və açıq kommunikasiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

AMB-nin Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Tural İsmayılov proqramın gələcək jurnalistlərin iqtisadi prosesləri peşəkar, obyektiv və düzgün şəkildə işıqlandırmalarına töhfə verəcəyini bildirib. O, bu təşəbbüsün maliyyə savadlılığının və maliyyə inklüzivliyinin artırılmasına xidmət etdiyini qeyd edərək AMB-nin akademik mühitlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

BSU-nun Jurnalistika fakültəsinin müdiri, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Sosial elmlər və regionşünaslıq fakültəsinin dekanı Əsgər Əhməd proqramın tələbələrin peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edərək bu təşəbbüsə görə AMB-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə qonaq spiker qismində çıxış edən "APA Media Qrup"un rəhbəri Vüsalə Mahirqızı və "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iqtisadi jurnalistikanın cəmiyyət üçün strateji əhəmiyyətindən bəhs edərək tələbələri bu sahədə ixtisaslaşmağa və iqtisadi mövzulara məsuliyyətli yanaşmağa çağırıblar.

Proqramın məzunu olan gənc jurnalistlər də öz növbələrində təlimlərlə bağlı təəssüratlarını və yaddaqalan məqamları bölüşüblər.

Bağlanış mərasimində proqramı uğurla başa vurmuş 27 tələbəyə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.

Bu ilin oktyabr–dekabr aylarında AMB-nin əməkdaşlarının keçirdiyi təlim sessiyaları çərçivəsində mərkəzi bankçılıq və maliyyə gündəminin əsas mövzuları tələbələrə sadə və anlaşılan formada təqdim olunub. 8 əsas istiqaməti əhatə edən sessiyalar zamanı gənc jurnalistlərə iqtisadi xəbərlərin hazırlanması ilə bağlı praktiki tövsiyələr verilib.

Xəbər lenti