Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi çərçivəsində 4 innovativ məhsulu sınaqdan keçirəcək.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, onlar 14 müraciətin qiymətləndirilməsi çərçivəsində seçilib, məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib. Söhbət "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "İslam bankçılığı" çərçivəsində təqdim etdiyi "Murabaha" məhsulundan, "Rabitəbank" ASC-nin "İslam bankçılığı" çərçivəsində təqdim etdiyi "Mudaraba" və "Murabaha" məhsullarından, "PAŞA Sığorta" ASC-nin təqdim etdiyi "Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması" məhsulundan və "BİTAZN" MMC-nin təqdim etdiyi "BİTAZN kriptovalyuta birjası" məhsulundan gedir. Onlar AMB-nin nəzarəti altında 6 ay müddətində sınaqdan keçiriləcək.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ xidmət və məhsulların bazara təqdim edilməsinə, ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edir.
Xüsusi tənzimləmə rejimi, eləcə də sınaqdan keçiriləcək məhsullar barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz: https://sandbox.cbar.az/az/registry

