Zəngəzur dəhlizi üzrə həyata keçirilən layihələr tədricən konkret konturlar almaqdadır. Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına başlanması bu prosesin mühüm mərhələlərindən biri hesab olunur. 188 kilometrlik dəmir yolu xətti Naxçıvanın nəqliyyat blokadasının aradan qaldırılması baxımından, həm də regionun iqtisadi inteqrasiyası, logistika imkanlarının genişlənməsi və sosial hərəkətliliyin artması baxımından strateji əhəmiyyət daşıyır.
Belə ki, ötən həftə "Azərbaycan Dəmir Yolları" QSC Ermənistanla sərhəddə - Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verib. Əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
"Report" Naxçıvanda dəmir yolunun tikintisinin regionun iqtisadi, sosial, turizm kimi sahələrinin inkişafına təsiri barədə araşdırma aparıb.
Naxçıvan üçün strateji xətt
Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası ilk növbədə iqtisadiyyat və sosial rifah baxımından strateji layihə kimi dəyərləndirilir. Mütəxəssislərin fikrincə, bu layihə muxtar respublikanın bazarlara çıxış imkanlarını genişləndirməklə yanaşı, istehsal və məşğulluğa da birbaşa təsir göstərəcək.
Milli Məclisin deputatı Tahir Mirkişili "Report"a açıqlamasında bildirib ki, Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası muxtar respublika üçün sadəcə nəqliyyat layihəsi deyil, iqtisadi inkişafın və sosial rifahın sürətləndirilməsi üçün strateji addımdır: "Bu xətt Naxçıvanın bazarlara çıxışını genişləndirərək həm idxal, həm də ixrac əməliyyatlarında xərcləri azaldacaq, tədarük zəncirini daha sabit və proqnozlaşdırılan edəcək. Birinci vacib təsir ticarət və qiymətlər üzərində olacaq. Dəmir yolu, xüsusilə ağır və həcmli yüklərdə daşınma xərclərini aşağı salır. Bu, Naxçıvana gətirilən xammal və istehlak mallarının maya dəyərinə müsbət təsir göstərir, eyni zamanda yerli istehsalçı üçün məhsulu daha rəqabətqabiliyyətli qiymətlə bazara çıxarmağa imkan yaradır".
O əlavə edib ki, ikinci təsir yerli istehsal və kənd təsərrüfatı üçün yeni imkanlardır: "Logistika xərcləri azaldıqca Naxçıvanda istehsal olunan məhsulların ölkənin digər bölgələrinə və potensial olaraq xarici bazarlara çıxışı asanlaşır. Bu, emal sənayesinə investisiyanı stimullaşdırır, aqrologistika infrastrukturuna, yəni anbar, soyuducu, qablaşdırma və çeşidləmə mərkəzlərinə tələbi artırır. Üçüncü istiqamət isə sənaye və logistika parklarının formalaşmasıdır. Dəmir yolu olan ərazilər təbii olaraq yük terminalları, anbarçılıq, paylama mərkəzləri və yüngül emal sahələri üçün cəlbedici olur. Bu isə yeni bizneslərin açılması, yeni iş yerlərinin yaranması və vergi bazasının genişlənməsi deməkdir".
Deputat vurğulayıb ki, Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası ilə bağlı dördüncü mühüm məqam sosial təsirdir: "Sərnişin daşımalarının bərpası Naxçıvan əhalisinin gediş-gəliş imkanlarını genişləndirəcək, səyahəti daha əlçatan edəcək, təhsil və səhiyyə xidmətlərinə çıxışı asanlaşdıracaq. Eyni zamanda iş yerlərinə çıxış radiusu genişlənəcək: insanlar daha uzaq məsafədə yerləşən iş imkanlarına daha rahat çata biləcəklər. Bir sözlə, dəmir yolunun bərpası Naxçıvanın iqtisadiyyatına xərclərin azalması, istehsalın artması, investisiyaların çoxalması və məşğulluğun genişlənməsi istiqamətində real təkan verəcək. Bu layihənin əsas dəyəri məhz budur: Naxçıvanın iqtisadi potensialını bazarlara bağlamaq və əhalinin gündəlik həyatında hiss olunan müsbət dəyişikliklər yaratmaq".
Yük axınında yeni ünvan
Layihənin təsirləri yalnız Naxçıvanla məhdudlaşmır. Ekspertlərin fikrincə, dəmir yolunun bərpası Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini gücləndirəcək, yük axınlarının yenidən bölüşdürülməsinə şərait yaradacaq.
Bu kontekstdə nəqliyyat sahəsi üzrə ekspertlərin yanaşması xüsusilə önəmlidir.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Report"a açıqlamasında bildirib ki, Azərbaycan ərazisindən strateji əhəmiyyət kəsb edən "Şimal-Cənub" və "Şərq-Qərb" marşrutları keçir və işğaldan azad olunmuş ərazilərdə aktiv şəkildə nəqliyyat layihələri həyata keçirilir: "Bunlardan biri də məhz Zəngəzur dəhlizi ilə bağlı layihədir. Bu dəhlizin unikallığı isə onun fərqli istiqamətlərdə təkliflərin formalaşmasında verdiyi töhfədir. Zəngəzur dəhlizi həm "Şimal-Cənub", həm "Şərq-Qərb", həm də "Cənub-Qərb" marşutları üzrə yük axını ötürməyə imkanlar yaradır".
Onun sözlərinə görə, Azərbaycan son 5 ildə aktiv olaraq Horadiz-Ağbənd istiqamətində işlər görüb: "Bu yaxınlarda isə Naxçıvan Muxtar Respublikasında dəmir yolunun təkmilləşdirilməsi layihəsinə başlanılıb. Bu, Naxçıvan vasitəsilə Türkiyəyə və əks istiqamətdə yük axınına yeni stimul yaradacaq. Bu, Naxçıvan ərazisində və ümumi marşrut boyu olan ərazilərdə yeni logistik mərkəzlərin, istehsal müəssisələrin açılmasına yardım göstərəcək".
Ekspert söyləyib ki, hazırda Naxçıvanda yenidən qurulan dəmir yolu mövcud ənənəvi marşrutlara ciddi töhfə verəcək. Belə ki, Ermənistanla Azərbaycan arasında müharibənin davam etdiyi dövrdə yollar bağlı idi, axınlar bir istiqamətdən hərəkət edirdi.
"İndi axınlar yenidən təşkil olunacaq. Bu, yeni reallığa uğun olaraq axınların bölünməsinə və yeni istiqamətlərin yüklənməsinə zəmin yaradacaq. Məsələn, müəyyən yüklər "Şərb-Qərb" marşrutu üzrə Zəngəzur dəhlizi istiqamətinə yönəldiləcək. Digər tərəfdən, Cənub-Qərb istiqamətində, yəni Fars körfəzindən Qara dənizdəki limanlarına istiqamətlənən yeni marşrut formalaşacaq. Bu marşrut Culfadan Ermənistan ərazisindən keçməklə Gürcüstan limanlarına qədər uzanacaq", - ekspert bildirib.
R.Ağamirzəyev vurğulayıb ki, Naxçıvandakı dəmir yolu yeni realıqda yeni fürsətlər yaradacaq və regional yükdaşımalarda, ticarət əlaqələrində fərqli vəziyyət formalaşdıracaq: "Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı son illərdə aktiv işlər görünür: həm Azərbaycan, həm də Türkiyə ərazisində. Güman ki, 2029-cu ilə Zəngəzur dəhlizi tam fəaliyyət göstərəcək və ilkin hesablamalara görə, 15 milyon ton yükün ötürülməsinə imkan yaradacaq".
Turizmə yeni yol
Naxçıvanda dəmir yolu infrastrukturunun bərpasının digər mühüm təsir istiqaməti turizm sektorudur. Sahə nümayəndələri hesab edirlər ki, nəqliyyat əlçatanlığının artması regiona turist axınını sürətləndirə, xidmət sektorunda canlanma yarada bilər.
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov "Report"a açıqlamasında isə Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası logistika, nəqliyyat sahəsinin inkişafına səbəb olacağını, hərəkətliyin rahatlığını artıracağını bildirib: "Bu da Naxçıvan ərazisindən keçməklə Türkiyəyə, oradan isə Avropaya keçidi sürətli edəcək, bu istiqamətdə səfərlər rahat olacaq. Əlbəttə ki, bu, təkcə Naxçıvanın iqtisadiyyatının inkişafına töhfə verməyəcək, həm də turist axınının artmasına səbəb olacaq".
Onun sözlərinə görə, hazırda Naxçıvanda iqtisadi inkişaf üçün müəyyən vergidən azad olma siyasəti yürüdülür, müxtəlif layihələr həyata keçirilir: "İndiyədək olan ciddi dəyişikliklər ilə bərabər Naxçıvanda islahatlar həyata keçirilir, müxtəlif şirkətlərin fəaliyyəti daha da artır, rəqabət mühiti sağlamlaşır. Zəngəzur dəhlizi açıldıqdan sonra isə orada ciddi dəyişikliklər olacaq, onun vasitəçi rolu daha da artacaq. Bu, ticarət əlaqələrini gücləndirəcək, ciddi şəkildə iqtisadi fayda verəcək. Bununla bərabər bu bölgədə turizm sahəsi də inkişaf edəcək. Nəqliyyat sahəsində əlçatanlıq turistlərin, xarici qonaqların Naxçıvana səfərlərinin artmasına töhfə verəcək".
Qeyd edək ki, bu ilin yanvar–oktyabr aylarında Naxçıvana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşmə vasitələrində keçirdiyi gecələmələrin sayı 71 min 463 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 % azdır.
Statistik göstəricilər hazırda turist gecələmələrində azalma olduğunu göstərsə də, yeni dəmir yolu infrastrukturu orta və uzunmüddətli dövrdə bu tendensiyanın dəyişməsinə imkan yarada bilər. Belə ki, nəqliyyat əlçatanlığının yüksəlməsi turizm sektoruna da əlavə impuls verə bilər.





