Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Sülhyaratma Komissiyasının Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllinə həsr olunmuş səfirlər səviyyəsində iclasında çıxış edib.
"Repor"un ABŞ bürosu xəbər verir ki, çıxışında səfir Tofiq Musayev iclasın Qırğızıstan, Tacikistan və Özbəkistanın müraciəti əsasında çağırılmasına görə komissiyanın sədrinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Azərbaycanın müzakirə olunan məsələyə marağı açıq-aydındır və bu maraq beynəlxalq münasibətlərdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə ardıcıl və qəti dəstək, eləcə də Mərkəzi Asiya ölkələri ilə mədəni bağlar və tarixi dostluq münasibətləri ilə bağlıdır.
Səfir xatırladıb ki, 2025-ci il 16 noyabr tarixində keçirilən Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formatda tamhüquqlu iştirakçı kimi qəbul edilib. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışına toxunan Tofiq Musayev, dövlət başçısının Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin unikallığını vurğuladığını və bu qərarın ölkələr və regionlar arasında əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdiyini qeyd edib.
Azərbaycanın Qırğızıstan, Tacikistan və Özbəkistan arasında imzalanmış ikitərəfli və üçtərəfli sərhəd sazişlərini alqışladığını bildirən səfir, bu ölkələrin beynəlxalq hüquqa, sülhə və qarşılıqlı anlaşmaya sadiqliyini, eləcə də siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.
Səfir BMT Baş katibinin bu nailiyyətləri tarixi kimi xarakterizə etdiyini xatırladaraq, danışıqlar prosesinin uğurla başa çatmasına gətirib çıxaran liderlik, qətiyyət və siyasi iradəni xüsusi vurğulayıb.
O bildirib ki, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd sazişləri dünyada dağıdıcı münaqişələr, sərhəd gərginliklərinin artması və dərinləşən parçalanma fonunda xüsusi əhəmiyyət kəsb edir: "Təhlükəsiz sərhədlər sabitliyin, sülhün və mehriban qonşuluq münasibətlərinin əsas şərtidir. Bu baxımdan əsas prinsiplər ərazi bütövlüyü və dövlət suverenliyi, güc tətbiq etməmək və mübahisələrin dinc yolla həllidir", - deyə o qeyd edib.
Səfir Beynəlxalq Ədalət Məhkəməsinin mövqeyinə də istinad edərək bildirib ki, məhkəmənin qərarlarından birində qeyd olunduğu kimi, dövlətlər arasında sərhədin müəyyən edilməsində əsas məqsədlərdən biri sabitliyə və qətiyyətə nail olmaqdır.
Çıxışının sonunda T. Musayev Mərkəzi Asiya ölkələri arasında əldə olunan mühüm nailiyyətlərin və möhkəm əlaqələrin regionda tərəfdaşlığın və əməkdaşlığın güclənməsinə, sülhün möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

