BMT Təhlükəsizlik Şurasında "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində "Sülh naminə liderlik" mövzusunda açıq debat keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, debatda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev çıxış edib.
Çıxışında T. Musayev iclasın təşkilinə görə Sloveniya nümayəndə heyətinə təşəkkürünü bildirib və beynəlxalq ictimaiyyətin hazırda bir-biri ilə əlaqəli çoxsaylı ciddi böhranlarla üz-üzə qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu böhranlar çoxtərəfli sistemə ciddi təzyiq göstərir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, Təhlükəsizlik Şurası 2024-cü ilin sentyabrında eyni mövzu üzrə qəbul etdiyi sədr bəyanatında multilateralizmin qorunmasının və BMT-nin mərkəzi rolunun vacibliyini xüsusi olaraq vurğulayıb. Həmin bəyanatda, həmçinin beynəlxalq hüquqa sadiqliyin və BMT nizamnaməsinin məqsəd və prinsiplərinin universallığının əhəmiyyəti ön plana çəkilib.
Səfir bildirib ki, BMT nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması üçün daha çox səylər göstərilməli, beynəlxalq öhdəliklər onların qəbul edildiyi mahiyyət və məzmunda icra olunmalıdır. O, Azərbaycanın yaşadığı ağrılı təcrübənin beynəlxalq hüququn və nizamnamə prinsiplərinin selektiv yanaşma və ikili standartlar olmadan, bərabər və ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib. Diplomat, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də daxili işlərə qarışmama prinsipinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, eyni zamanda inkişafın təşviqi üçün əsas şərt olduğu vurğulanıb.
Azərbaycan nümayəndəsi əlavə edib ki, inklüziv multilateralizm çərçivəsində böyük və kiçik bütün dövlətlər, xüsusilə inkişaf etməkdə olan ölkələr qlobal qərarların qəbulunda bərabər şəkildə iştirak imkanına malik olmalıdır. Bu baxımdan Təhlükəsizlik Şurasının daha təmsilçi və səmərəli olması üçün islahata ehtiyac olduğu qeyd edilib.
T.Musayev Azərbaycanın multilateralizm ideyalarının ardıcıl şəkildə təşviqində fəal rol oynadığını xatırladaraq, ölkənin 29-cu İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsini, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə və digər beynəlxalq platformalarda sədrliyini və fəal iştirakını nümunə kimi göstərib. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzvlüyünün multilateralizmə töhfə vermək imkanlarını daha da gücləndirəcəyini bildirib.
Sonda səfir vurğulayıb ki, Azərbaycan tərəfinin regionda və qlobal miqyasda sülh gündəliyinin təşviqi istiqamətində səylərini davam etdirəcəyini, multilateral sistemin isə daha effektiv və verdiyi vədləri yerinə yetirə bilən mexanizmə çevrilməsi üçün fəaliyyətini gücləndirəcəyini bəyan edib.