Oktyabrın 8-9-da Bakıda ilk dəfə Azərbaycan Halal Biznes Forumu ("Azhab Forum") keçiriləcək.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.
O, Pakistan şirkətlərini konfrans və sərgidən ibarət olan bu Foruma iştirak üçün dəvət edib.
Qeyd edək ki, "Azhab Forum" qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxsahəli şəbəkə təklif edən unikal tədbir hesab olunur. İki gün davam edəcək tədbir çərçivəsində halal məhsul və xidmətlərin ixtisaslaşmış sərgisi, həmçinin halal maliyyə, turizm, əczaçılıq, tekstil, qida və digər sənaye sahələrində ixtisaslaşan beynəlxalq ekspertlər və analitiklərin iştirakı ilə müzakirələr və sessiyalar keçiriləcək.
Forumda Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya və Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alacaq.
Forumun müzakirə mövzularına Azərbaycanın halal xidmətlər mərkəzinə çevrilmə imkanları, Regional Halal Ticarət Mərkəzinin, halal məhsulların istehsalı üzrə azad ticarət zonaların yaradılması, halal bazarların gələcəyi, MDB ölkələrində halal bazar, sertifikatlaşdırma və standartlar, halal bankçılıq və halal sığorta daxildir.
Forum çərçivəsində keçiriləcək sərgi isə “Qida və içki”, “Halal Sertifikatlaşdırma və Halal Standartları”, “Maliyyə və Bank işi”, “Turizm və Otelçilik”, “Kosmetika və şəxsi qulluq”, “Əczaçılıq və Səhiyyə”, “Texnologiya və İnnovasiya”, “Logistika və Nəqliyyat”, “Moda və Tekstil”, “Təhsil və təlim”, “Media və Marketinq”, “Pərakəndə satış və françayzinq”, “KOS və Sahibkarlıq”, “Dövlət və Tənzimləyici orqanlar”, “Ətraf Mühit və Davamlılıq”, həmçinin “Ticarət Palataları və Ticarət Birlikləri” kimi bölmələri əhatə edəcək.
Bizim WhatsApp kanalımıza abunə olun