Azərbaycanda audit institutları qarşısında müəyyən edilmiş gözləntilərin reallaşmaması subyektiv və obyektiv amillərdən qaynaqlanır.
"Report" xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, bu amillərin bir qismi audit orqanlarına, bir qismi isə onların obyektlərinə bağlıdır.
"Əmək bazarında müvafiq bacarıqlara malik səriştəli kadrların çatışmazlığı və iş yerlərinin vakant qalması audit institutları üçün əsas problemlərdən biridir. Eyni zamanda, keyfiyyətin idarə edilməsi sistemində boşluqlar, yeni texnologiyaların tətbiqində gecikmələr bu sahədə əhəmiyyətli çətinliklər yaradır. Audit orqanlarından mandatlarına aid olmayan gözləntilərin olması auditin effektivliyini azaldan amillərdəndir. Audit prosesinə hüquq-mühafizə orqanı kimi yanaşılması, auditin təftişdən fərqləndirilməməsi və müəyyən edilən nöqsanların aradan qaldırılmasının audit orqanlarından tələb edilməsi problemlərdən biridir. Bəzi sahələrin həddindən artıq spesifik olması onların auditinin keçirilməsini çətinləşdirir", - deyə sədr qeyd edib.
"Bununla yanaşı, daxili audit institutlarının kənar audit üçün lazımi əminliyi təmin etməməsi də auditin inkişafını ləngidir. Bəzi sahələrin auditi üçün zəruri infrastrukturun olmaması da audit prosesini çətinləşdirən faktorlardandır. Məsələn, performans büdcəsinin olmaması performans auditinin keçirilməsinə mane olur. Eyni zamanda, dövlət sektorunda mühasibat uçotu və maliyyə hesabatlarının vahid proqram təminatı ilə əlaqələndirilməməsi, qurumlararası IT sistemlərinin inteqrasiyasının olmaması və bu sistemlərə audit orqanlarının çıxış imkanlarının məhdud olması da auditin keyfiyyətinə mənfi təsir göstərir. Davam edən investisiya layihələri üzrə preauditin yetərsiz qalması da bu sahədə müşahidə olunan problemlərdəndir", - deyə. V.Gülməmmədov əlavə edib.
Bizim WhatsApp kanalımıza abunə olun