Azərbaycanın daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var.
Bunu “Report”a açıqlamasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev bildirib.
Onun sözlərinə görə, yeni tikililərin sayında, həmçinin tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir:
“Tikinti materiallarının bahalaşması əmlak bazarındakı qiymətlərə də təsir edir. Tikintinin maya dəyəri artdığına görə şirkətlər də qiyməti artırırlar. Bu vəziyyət yeni tikilən binalarda da belədir. Yəni tikinti materiallarının bahalaşması tikinti şirkətlərinin yeni tikilən binalardakı qiymətləri qaldırmasına səbəb olur. Belə ki, sahibkar əvvəlki xərcləri ilə müqayisədə 1 kvadratmetrin başa gəlmə xərcinin 10-15 % yüksəldiyini görən zaman təbii ki, son məhsulun, yəni bazara təklif etdiyi mənzillərin qiymətini də bir o qədər artırmış olacaq. Hesablamalara görə, daşınmaz əmlak bazarında bu bahalaşma tendensiyası davam edəcək”.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin eyni dövrünə nisbətən 9,2 % artıb. Bildirilib ki, ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 %, təkrar mənzil bazarında qiymətlər isə 9,2 % artıb.
Qiymət artımı daha çox 2023-cü ildə baş verib. Ötən il xüsusi ilə Bakıda daşınmaz əmlakların qiymətində 15 %-dən- 30 %-ə qədər artım baş verib. Qiymət artımları Bakı, Sumqayıt və digər böyük şəhərlərdə 2023-cü ilin oktyabr ayına qədər davam etdi. 2023-cü ilin oktyabr ayından sonra, artımda dayanma baş verdi. Əmlak bazarında ciddi çöküş yarandı. Lakin 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditlərinin verilməsi səbəbindən yenidən əmlak bazarında canlanma baş verdi. Bu aylarda 5-10 % aralığınd qiymət artımı baş verdi.
Bizim Telegram kanalımıza abunə olun