IMG-LOGO

Ramiz İsayev: “Azad edilmiş ərazilərdə bərpa işləri tikinti materiallarına tələbatın yüksəlməsinə səbəb olub”

12.09.2024 17:15 30 baxış
IMG

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması tikinti materiallarına tələbatın yüksəlməsinə səbəb olub.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Ramiz İsayev bildirib.

O vurğulayıb ki, tikinti materiallarında qiymət artımı təkcə inflyasiya və ya hər hansı bir məhsulun bahalaşmasının digərinə təsiri ilə bağlı deyil:

“İqtisadiyyatı böyüyən dövlətlərdə daşınmaz əmlakın, ümumiyyətlə xərclərin və məhsulların qiymətinin artması təbii haldır. Azərbaycanın azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması da tikinti materiallarına tələbatın yüksəlməsi ilə nəticələnib. Yəni hazırda digər regionlarda, həmçinin paytaxt Bakıda olan qurğular və texnikalar azad edilmiş ərazilərə daşınır. Üstəlik, həmin ərazilərdəki işlər üçün yeni texnikalar alınır. Təbii ki, bunlar tikintinin daha da geniş vüsət alması ilə nəticələnir. Bu da tikinti materiallarının qiymətlərinə təsir göstərən amillərdən biridir”.

R.İsayevin sözlərinə görə, tikinti materiallarının bahalaşmasının hazırkı səbəbi yanacağın və daşınma xərclərinin artması ilə bağlıdır:

“Daşımalarda artan xərclər tikinti materiallarının da qiymətlərinin qalxmasına səbəb olub. Daşınma xərclərinin artmasına isə əsas səbəb odur ki, əvvəllər yük maşınları istənilən qədər yüklənirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur. Məsələn, əvvəl bir maşında bir dəfəyə 45-50 ton yük daşınırdısa, indi bu göstərici 25-30 tona bərabərdir. Göründüyü kimi, daşıma qabiliyyəti iki dəfə aşağı düşüb. Bu da o deməkdir ki, yükdaşımanın qiyməti iki dəfə artıb. Materialların xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 % təşkil edir”.

Assosiasiya sədri əlavə edib ki, tikinti materiallarının qiymətində artım növlərindən asılı olaraq 5-7 %, hətta 10-15 % civarındadır:

“Əsas tikinti materiallarının artımı isə təxminən 15 %-dir. Güman ki, bu proses digər köməkçi inşaat materiallarına da təsir göstərəcək. Bahalaşan tikinti materiallarının əksəriyyətini inşaatda ilkin istifadə edilən materiallar təşkil edir. Hazırda taxta bazarında qiymətlərin artması müşahidə olunur. 18 mm-lik diktlər 33-34 manata, 17 mm-lik diktlər isə 32-33 manata satılır. Yanvardan bəri bu taxta məhsullarının qiyməti 10 manata yaxın artıb. Mişar daşı və sementin qiymətində artım müşahidə olunur”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti