IMG-LOGO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının sağlamlığı üçün həkim briqadaları fəaliyyət göstərəcək

24 Nov 2026 15:41 7 baxış
IMG

İnsan sağlamlığı səmərəli əmək fəaliyyətinin ən böyük şərtlərindəndir.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov "Hədəf 130/80" layihəsinin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, insanın sağlamlıq göstəriciləri əmək qabiliyyəti baxımından son dərəcə önəmlidir: "Sağlam insan kapitalının yaradılması və mühafizəsi təkcə səhiyyə sahəsinin deyil, ümumilikdə dövlət təsisatlarının və ictimaiyyətin birgə öhdəliyidir. Hər hansı bir qurumun ən dəyərli resursu məhz onun kadr potensialıdır".

F.Nəcəfov qeyd edib ki, hazırkı dövrdə qeyri-yoluxucu xəstəliklər, əsasən də ürək-damar problemləri və qan təzyiqi ictimai səhiyyənin ən kəskin məsələlərindən birini təşkil edir: "Bu xəstəliklərin önlənməsində vaxtında diaqnostika, mütəmadi tibbi yoxlamalar və sağlam yaşam tərzi haqqında məlumatlandırma işləri əhəmiyyətli yer tutur. Bu kontekstdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü və tərəfdaş strukturların ortaq fəaliyyəti nəticəsində reallaşdırılan "Hədəf 130/80" layihəsini son dərəcə mühüm və alqışlanacaq bir addım kimi dəyərləndiririk".

O vurğulayıb ki, layihə daxilində Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında və tabeliyindəki qurumlarda mərhələlər üzrə məlumatlandırma və profilaktik yoxlama tədbirlərinin təşkili planlaşdırılır: "Bu məqsədlə müvafiq müəssisələrdə tibbi heyətlərin bir neçə gün müddətində fəaliyyət göstərməsi üçün lazımi şərait təmin ediləcək. Həmin dövr ərzində əməkdaşlarımızın qan təzyiqi və bədən kütləsi ölçüləcək, sağlamlıq durumları ilə əlaqədar uyğun sorğular aparılacaq, eyni zamanda mütəxəssislər tərəfindən sağlam yaşam tərzi barədə məsləhətlər təqdim olunacaq".

Mənbə: report.az

Xəbər lenti