Bu məhsul sayəsində kartof pürəsinin dadı daha zəngin, ətri isə daha xoş olacaq. Kartof püresi həm hazırlanması asan, həm də çoxlarının sevdiyi qarnirlərdən biridir. Lakin bu klassik yeməyi daha dadlı və ətirli etmək üçün ona xüsusi bir inqrediyent əlavə etmək olar.
Lent.az xarici xəbər verir ki, kartof pürəsinin dadını daha da yaxşılaşdırmaq üçün ona sobada bişirilmiş sarımsaq əlavə etmək tövsiyə olunur. Mütəxəssislərin sözlərinə görə, dadlı kartof pürəsi hazırlamaq üçün kartof, süd və kərə yağı kifayətdir. Ancaq yeməyin daha zəngin dada malik olmasını istəyənlər sobada bişirilmiş sarımsaqdan istifadə edə bilərlər.
Çiy və ya az qızardılmış sarımsaqdan fərqli olaraq, sobada bişirilmiş sarımsaq özünəməxsus ətirini qoruyur, lakin dadı xeyli yumşalır və yüngül şirinlik qazanır. Bişirmə zamanı sarımsaq dişləri yumşalaraq pasta şəklinə düşür. Bu da onların kartof püresinə asanlıqla qarışdırılmasına imkan yaradır.
Sarımsaq doğrandıqda və ya əzildikdə onun hüceyrələrində allisin adlı maddə əmələ gəlir. Məhz bu maddə sarımsağın kəskin dadı və xarakterik ətrinin yaranmasında mühüm rol oynayır. Uzunmüddətli istilik təsiri nəticəsində isə sarımsağın dadı yumşalır. Eyni zamanda, onun konsistensiyası o qədər zərif olur ki, kərə yağı və qaymaqla birlikdə kartof püresinə rahatlıqla qarışdırıla bilir.
Sobada bişirilmiş sarımsağı kartof püresinə necə əlavə etmək olar?
Mütəxəssislər bu üsuldan istifadə etmək üçün aşağıdakı qaydalara əməl etməyi məsləhət görürlər:
- Bütöv sarımsaq başının yuxarı hissəsini kəsin ki, dişləri bir qədər görünsün.
- Sobanı təxminən 190 dərəcəyə qədər qızdırın.
- Sarımsağın üzərinə az miqdarda yağ əlavə edin və onu folqaya bükün və ya kiçik istiliyədavamlı qaba qoyaraq üzərini örtün.
- Sarımsağı təxminən 45 dəqiqə, dişləri tam yumşalana qədər bişirin.
- Bişdikdən sonra bir qədər soyumasını gözləyin və yumşalmış sarımsaq dişlərini qabığından sıxaraq çıxarın.
- Hazır sarımsağı qaynadılmış kartofa əlavə edin və birlikdə əzin.
- Daha sonra kərə yağı, ilıq süd və ya qaymaq əlavə edin. Zövqə görə duz və istiot vurun. Əgər evinizdə aerofritöz varsa, sarımsağı daha qısa müddətdə, təxminən 15 dəqiqəyə hazırlamaq mümkündür. Lakin bişmə müddəti cihazın gücündən, temperaturdan və sarımsaq başının ölçüsündən asılıdır.
Sarımsağın hazır olduğunu müəyyən etmək üçün onun dişlərini yoxlamaq kifayətdir. Əgər dişlər qabıqdan asanlıqla çıxır və çəngəllə rahat əzilirsə, deməli, sarımsaq tam bişib. Mütəxəssislər sarımsağı kartofa hələ əzməzdən əvvəl əlavə etməyi tövsiyə edirlər. Bu halda sarımsaq pürədə bərabər paylanır və hazır yeməyi uzun müddət qarışdırmağa ehtiyac qalmır.
Bütöv sarımsaq başının çox olacağını düşünənlər əvvəlcə bir neçə dişdən istifadə edə bilərlər. Sobada bişirilmiş sarımsağın dadı çiy sarımsaqla müqayisədə daha yumşaq olsa da, yeməyə kifayət qədər zəngin ətir verir.
Mətbəx kartof kartof pürəsiMənbə: lent.az