Azərbaycanın hərbi əməliyyatları 44 günlük Vətən müharibəsi zamanı təkcə pilotsuz uçuş aparatlarının tətbiqi ilə məhdudlaşmayıb, həm də mürəkkəb quru əməliyyatlarını, müxtəlif bölmələrin fəaliyyətinin əlaqələndirilməsini və düşmənin dezinformasiyaya məruz qoyulmasını əhatə edib.
"Report" xəbər verir ki, bu barədə "Qarabağ uğrunda müharibə: strategiya, texnologiyalar və qələbə" kitabının təqdimatında kitabın müəllifi, ABŞ-nin Uest-Poyntdakı Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri tədqiqatları istiqamətinin rəhbəri və Şəhər Döyüşlərinin Öyrənilməsi Layihəsinin həmdirektoru Con Spenser danışıb.
Spenser müasir müharibələrin təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayaraq genişmiqyaslı dezinformasiya əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsinə xüsusi diqqət yetirib.
Onun sözlərinə görə, bəzi hallarda düşmənin müdafiə xətlərini yarmaq mümkün olmadıqda Azərbaycan Ordusu alternativ planları həyata keçirməyə başlayıb.
"Bu baxımdan, məqsədi düşməni əsas hücumun başqa istiqamətdə inkişaf etdiyinə inandırmaq olan dezinformasiya əməliyyatı xüsusi maraq doğurur. Qarabağda tətbiq edilən yanaşma dezinformasiya əməliyyatlarının müasir hərb tarixində nə qədər genişmiqyaslı və çoxşaxəli ola biləcəyini nümayiş etdirir. Bu əməliyyat düşmənin diqqətini əsas istiqamətdən yayındırmağa, onun müdafiə qüvvələrinin yerləşdirilməsinə təsir göstərməyə və cəbhənin digər sahələrində hərbi əməliyyatların aparılması üçün şərait yaratmağa imkan verdi", - Spenser əlavə edib.
Mənbə: report.az