"44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik kommunikasiyası, döyüşlərin gedişini izləməsi və azad edilmiş ərazilərə səfərləri informasiya müharibəsində uğurun mühüm amillərindən olub".
Lent.az xəbər verir ki, bunu amerikalı hərbi ekspert Cohn Spenser Bakıda “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, müasir müharibələrdə ərazilərin azad edilməsi barədə məlumatların açıqlanması ilə kifayətlənmək olmaz, həmin ərazilərdə olmaq və bunu ictimaiyyətə nümayiş etdirmək də vacibdir.
“Prezidentin informasiya müharibəsində rolu, xüsusilə gündəlik kommunikasiyası, müharibənin gedişini izləməsi və ərazilərin azad edildiyini elan etməsi mühüm əhəmiyyət daşıyırdı. Lakin müasir dünyada bu, kifayət deyil. O, həmin ərazilərə səfər edir, birbaşa hadisə yerində olurdu. Prezidentin və xanımının azad edilmiş ərazilərə səfərlərini müharibə boyunca müşahidə etdik. Bu gündəlik kommunikasiya, xüsusilə sosial şəbəkələrdə yayılan dezinformasiyaya qarşı mübarizədə mühüm rol oynadı. Təkcə azad edilmə barədə bəyanatlar deyil, həmin ərazilərə real səfərlər də informasiya müharibəsində uğurun əsas amillərindən idi”, – Spenser vurğulayıb.
Amerikalı hərbi ekspert Cohn SpenserMənbə: lent.az