“The Princess Diaries” filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan “Rosland Capital” şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğunu elan edən “Rosland Capital” şirkətinin ümumi borcu 63 milyon 695 min 60 dollara çatıb.
Aktyor hazırda San-Dieqo bölgəsində yaşayan yaşlı ər-arvad – 85 yaşlı Şeyla Qrinberq və 97 yaşlı Norman Qrinberq tərəfindən məhkəməyə verilib.
İddia ərizəsinə əsasən, aktyor “Rosland Capital” şirkətində nümayəndə kimi çalışdığı dövrdə, 2020-2021-ci illər ərzində cütlüyü üç ayrı əməliyyatla ümumilikdə 2 milyon dollardan çox dəyərində qızıl sikkə almağa razı salıb.
Qrinberqlər bildiriblər ki, fon Detten özünü qiymətli metallar və bu sahəyə yönəldilən fərdi pensiya hesabları üzrə təcrübəli mütəxəssis kimi təqdim edib. O, cütlüyə onların maliyyə ehtiyaclarına, xüsusilə də yığımlarının qorunmasına uyğun investisiya tövsiyələri verəcəyini vəd edib.
Məhkəmə sənədlərində qeyd olunur ki, aktyor yaşlı ər-arvada investisiya qərarlarını tamamilə ona həvalə etməyi tövsiyə edib. Fon Detten onların pensiya hesablarındakı vəsaitləri uyğun investisiya məhsullarına yönəldəcəyini və bütün proses boyunca onlara rəhbərlik edəcəyini bildirib.
İddiaçıların sözlərinə görə, onlar aktyora tam etibar edərək pensiya yığımlarının idarə olunmasını ona həvalə ediblər.
Lakin sonradan məlum olub ki, alınan qızıl sikkələrin real bazar dəyəri onların ödədiyi məbləğdən xeyli aşağıdır.
Cütlük nəticədə pensiya yığımlarından yüz minlərlə dollar itirdiyini iddia edir.
2025-ci ildə həyata keçirdikləri müstəqil araşdırmadan sonra Qrinberqlər məhkəməyə müraciət etmək qərarına gəliblər.
Hazırda ər-arvad dəydiyini iddia etdikləri maliyyə zərərinin ödənilməsi üçün ən azı 900 min dollar təzminat tələb edir. Bundan əlavə, məhkəmə prosesində müəyyənləşdiriləcək əlavə zərərin də qarşılanmasını istəyirlər.
Yerli media məsələ ilə bağlı Erik fon Dettenin nümayəndəsinə müraciət edib. Lakin aktyor nə məhkəmə iddiasına, nə də “Rosland Capital” şirkətinə qarşı irəli sürülən ittihamlara açıq şəkildə münasibət bildirib.
Qeyd edək ki, Erik fon Detten 1990-cı və 2000-ci illərdə bir sıra məşhur ekran əsərlərində rol alıb. O, xüsusilə “Toy Story” animasiya filmində Sid obrazını səsləndirməsi və Enn Heteveylə birlikdə “The Princess Diaries” filmində çəkilməsi ilə tanınıb.
Son illərdə aktyorluq fəaliyyətindən əsasən uzaqlaşan fon Dettenin son ekran işi 2024-cü ildə yayımlanan “My Acting Coach Nightmare” televiziya filmi olub.
maqazin xəbərləri məşhur aktyorun külli miqdarda borcu
Mənbə: lent.az