Türkiyənin Regional Həvəskarlar Liqasında mübarizə aparan “Serhat Ardahanspor” klubunun rəhbərliyi məşhur müğənni və aktrisa Hülya Avşara prezident vəzifəsini təklif etmək qərarına gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub maliyyə çətinliklərindən çıxmaq və nüfuzunu artırmaq üçün bu addımı atmağa hazırlaşır.
Klubun direktoru Özkan Karakaya bildirib ki, rəhbərlik məsələ ilə bağlı yekdil qərar qəbul edib. Onun sözlərinə görə, komandanın gələcəyini xilas etmək üçün güclü dəstəyə ehtiyac var.
“Artıq "Serhat Ardahanspor"a güclü bir qadın əlinin toxunmasının vaxtı çatıb. Kino və musiqi sahəsindəki uğurları ilə illərdir, Türkiyənin fəxri olan həmyerlimiz Hülya Avşara klub prezidenti vəzifəsi üçün rəsmi dəvət göndərəcəyik. Bu qərar maliyyə böhranı yaşayan komandamızın gələcəyi və nüfuzu baxımından həyati əhəmiyyət daşıyır”, – deyə Karakaya bildirib.
Klub rəsmisi ardahanlı iş adamlarının və şəhərin nüfuzlu şəxslərinin komandaya lazımi dəstəyi göstərməməsindən də narazılığını ifadə edib.
“Təəssüf ki, indiyədək ardahanlı iş adamlarından gözlədiyimiz dəstəyi görməmişik. Halbuki "Serhat Ardahanspor" bu şəhərin ən mühüm simvollarından biridir. Komandamızın məhv olmasına biganə qalmayacağıq”, – deyə o vurğulayıb.
Karakaya Hülya Avşara rəsmi təklifin yaxın günlərdə şəxsən çatdırılacağını açıqlayıb.
Klub azarkeşləri isə məşhur sənətçinin bu gözlənilməz təklifə necə cavab verəcəyini maraqla gözləyirlər.
Hülya Avşar maliyyə böhranı klub prezidenti

Mənbə: lent.az