IMG-LOGO

Deputat: "Xarici mütəxəssislərin fəaliyyəti ciddi yoxlanılmalıdır"

03 Nov 2026 12:54 4 baxış
IMG

Azərbaycana mütəxəssis adı altında gələn şəxslərin fəaliyyəti ciddi yoxlanılmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatına xaricdən mütəxəssislərin cəlb olunması vacib olsa da, nəzərə alınmalıdır ki, miqrasiya hazırda dünyada ən təhlükəli məsələlərdən birinə çevrilib: "Müxtəlif şəxslərin casus kimi digər ölkələrə göndərilməsi məhz miqrasiya çərçivəsində həyata keçirilir. Biz dəfələrlə görmüşük ki, Azərbaycana din və elm pərdəsi altında, kitab satmaq adı ilə və digər müxtəlif üsul və vasitələrlə mütəxəssis qismində şəxslər göndərilir. Lakin əslində onlar burada antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır, dövlətin əleyhinə müxtəlif cinayət əməlləri hazırlayır. Təbii ki, belə halları təhlükəsizlik orqanlarımız üzə çıxarır. Hesab edirəm ki, biz bütövlükdə miqrasiya qanunvericiliyimizdə müxtəlif kateqoriyalar üzrə tələbləri ciddi şəkildə sərtləşdirməliyik. Həmin şəxslərin yoxlanılması, ölkədə qalması və digər məsələlər diqqətdə saxlanılmalıdır".

"Təbii ki, göstərilir ki, investisiya yatıran və yaxud sərmayəsi olan, burada rezidentliyi əldə edən şəxslər gəlib fəaliyyətlərini davam etdirə bilərlər. Amma məsələyə digər tərəfdən baxsaq, iri dövlətlər üçün 5-6, hətta 10-20 rezident yaratmaq çox asandır. Məsələn, burada 500 min manat o qədər də böyük vəsait deyil. Həmin dövlətlərin elə imkanları var ki, bu məbləğdən on dəfə artıq vəsait yatıraraq öz rezidentlərini ölkəmizdə yerləşdirə və onların vasitəsilə antidövlət fəaliyyəti həyata keçirə bilərlər. O baxımdan, cənab Prezidentin YAP-ın qurultayında və sonrakı çıxışlarında qeyd etdiyi kimi, biz ayıq-sayıq olmalı, bu məsələlərə diqqətlə yanaşmalıyıq. Ölkəmizə mütəxəssis adı altında gələn şəxslərin həqiqətən də mütəxəssis olmasına diqqət yetirməliyik. Əlbəttə, onların gəlməsi, fəaliyyət göstərməsi və burada yeni-yeni mütəxəssislər yetişdirməsi vacibdir. Lakin kimlərinsə başqa məqsədlərlə, başqa adlar altında ölkəmizə gəlib burada fəaliyyət göstərməsinə ehtiyacımız yoxdur".

Mənbə: report.az

Xəbər lenti