İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalında endirilən bir neçə aviazərbə nəticəsində HƏMAS-ın hərbi qanadının dörd yaraqlısının öldürüldüyünü bəyan edib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Bəyanata əsasən, oktyabrın 31-də endirilmiş iki ayrı zərbə zamanı HƏMAS-ın hərbi qanadının möhkəmləndirilməsi və Qəzza zolağında onun imkanlarının artırılması ilə məşğul olan Nəbil Həmad, eləcə də, snayper bölməsinin komandiri Mühənnəd Nader Mahmud Dəhdux öldürülüb.
Bundan başqa, oktyabrın 22-də endirilmiş iki zərbə nəticəsində daha iki yaraqlı - Vael Naif Fəhmi Musəlləm, İsrail ordusu onu "Nuhba" bölməsinin üzvü adlandırır, eləcə də raket qoşunları bölməsinin komandiri Ərəfat Kamal Məhəmməd Arair öldürülüb.
Mənbə: report.az