Məşhur britaniyalı müğənni Elton Conun uzun illərdir dostu və yaradıcılıq tərəfdaşı olan Berni Topin sənətçinin xarakteri ilə bağlı maraqlı açıqlamalar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 60 ildir Elton Conla əməkdaşlıq edən məşhur, müğənninin qastrol səfərlərindəki davranışlarından danışıb.
Topinin sözlərinə görə, Elton Con səhnə arxasında bəzən olduqca çətin və dözülməz xarakter nümayiş etdirib.
“Qastrol səfərləri zamanı o, həqiqətən də dəhşətli və dözülməz ola bilirdi. Mən sadəcə gözlərimi döyürdüm, çünki müdaxilə etsəydim, vəziyyət daha da pisləşərdi”, – Topin bildirib.
Mahnı müəllifi Elton Conun onu hansı geyimlərlə əsəbiləşdirəcəyini də çox yaxşı bildiyini söyləyib.
“O, hansı geyimlərinin məni özündən çıxardığını bilirdi. Məsələn, 1980-ci ildə Nyu-Yorkun Mərkəzi Parkında Donald Dak obrazında geyinmişdi. Bu, məni dəhşətli dərəcədə əsəbiləşdirmişdi”, – Topin xatırlayıb.
Bununla belə, Berni Topin Elton Con haqqında danışarkən onunla münasibətlərinin son dərəcə səmimi olduğunu vurğulayıb.
“O, həmişə deyirdi ki, mən onun heç vaxt sahib olmadığı qardaşıyam. Londona ilk gəldiyim zaman mənə İngiltərənin əyalətindən gəlmiş sadəlövh biri kimi yanaşırdılar. Amma Elton həmişə mənim ən yaxşı tərəflərimi görürdü”, – o bildirib.
Topin onların yaradıcılıq əməkdaşlığının ilk illərini də xatırlayıb. Onun sözlərinə görə, əvvəlcə başqa ifaçılar, o cümlədən Silla Blek və Engelbert Hamperdink üçün mahnılar yazmağa başlayıblar. Lakin ilk cəhdləri uğurlu alınmayıb.
“Biz bu işi çox pis bacarırdıq. Mənim ümumiyyətlə musiqi duyumum yox idi. Sadəcə dəbdə olan üslubları təqlid edir, oxuduğum kitablardan süjetlər götürürdüm. Mahnı yazmağın necə olduğunu belə bilmirdim”, – Topin etiraf edib.
O, 15 yaşında məktəbi tərk etdiyini və musiqi sahəsinə təsadüfən gəldiyini də açıqlayıb.
“Mən sadəcə İngiltərənin şimalındakı həyat tərzimdən qurtulmaq istəyirdim. Məktəbi 15 yaşımda atmışdım və fiziki əməkdən başqa heç nəyə yaramadığımı düşünürdüm. İndi də bəzən səhərlər oyanıb bu qədər şanslı olduğuma təəccüblənirəm”, – o vurğulayıb.
Xatırladaq ki, Elton Con 2023-cü ildə qastrol fəaliyyətini başa vurub. Berni Topin isə onların gələcəkdə yenidən birlikdə mahnı yazıb-yazmayacaqlarından əmin olmadığını deyib.
“Bunu heç vaxt əvvəlcədən bilmək olmaz. Artıq yaşımız da az deyil. Amma heç vaxt "heç vaxt" demə”, – o əlavə edib.
Topin Elton Conun onunla müntəzəm əlaqə saxladığını və bəzən dostunun planlarından özündən əvvəl xəbər tutduğunu da zarafatla bildirib.
76 yaşlı Berni Topin bu yaxınlarda “The Sea Has No Mercy” adlı dördüncü solo albomunu təqdim edib.
“Alboma daxil olan mahnıların əhəmiyyətli hissəsi hər şeydən narazı olan yaşlı bir insan haqqındadır. Amma orada yaxşı şeylər də çoxdur”, – o deyib.
Elton Con müğənni etiraf
Mənbə: lent.az