Antarktidada pinqvinləri müşahidə etmək, turistləri qarşılamaq və dünyanın ən cənub poçt şöbəsində işləmək müqabilində ayda 4737 manat maaş təklif olunur. Lakin bu qeyri-adi işə maraq göstərənlər sərt hava şəraitinə, fiziki yükə və məhdud rahatlığa hazır olmalıdırlar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət Britaniyanın “UK Antarctic Heritage Trust” təşkilatının Port-Lokroy bazasındakı mövsümi iş imkanından gedir.
Hazırkı işə qəbul başa çatıb. Növbəti vakansiyaların 2027-ci ilin əvvəlində elan olunması planlaşdırılır.
Beş aylıq iş nədən ibarətdir?
Port-Lokroy Palmer arxipelaqındakı Qudye adasında yerləşir. Britaniyalıların 1944-cü ildə yaratdığı baza sonradan muzeyi, suvenir mağazası və poçt şöbəsi olan turistik məkana çevrilib.
Təxminən beş aylıq müqavilə ilə çalışan əməkdaşlar pinqvin koloniyasını müşahidə edir, quşları və yuvaları sayırlar. Balalar yumurtadan çıxdıqdan sonra onların sayı və inkişafı da qeydə alınır.
Toplanan məlumatlar pinqvin populyasiyasını və insan fəaliyyətinin koloniyaya təsirini araşdırmaq üçün istifadə olunur.
İş yalnız heyvanları müşahidə etməklə bitmir. Əməkdaşlar kruiz gəmiləri ilə gələn turistləri qarşılamalı, onlara bazanın tarixini danışmalı, muzeydə, mağazada və poçt şöbəsində çalışmalıdırlar.
Yaşayış və qidalanma təmin olunur
Məlumatda aylıq maaşın 2096 funt sterlinqə çatdığı bildirilir. Təşkilat əsas yaşayış xərclərini də qarşılayır. İşçilərə qalacaq yer, qida və sərt hava şəraitində işləmək üçün xüsusi avadanlıq verilir.
Bununla belə, namizədlər fiziki baxımdan hazırlıqlı olmalıdırlar. İş zamanı 20 litrlik su qablarını və çəkisi 15 kiloqramadək olan qutuları daşımaq, qar təmizləmək, sürüşkən qayaların yaxınlığında qayıqlardan yük boşaltmaq tələb olunur.
Axar su və mobil rabitə yoxdur
Bazada axar su yoxdur. İçməli su gəmilərlə gətirildiyindən istifadəsinə qənaət edilir. Buna görə əməkdaşların adətən həftədə yalnız bir dəfə duş qəbul etmək imkanı olur.
İşçilər ikimərtəbəli çarpayıların yerləşdiyi ümumi yataq otağında qalırlar. Məqaləyə görə, otaqda temperatur təxminən 14-15 dərəcə, açıq havada isə mənfi 5 ilə müsbət 5 dərəcə arasında olur.
Elektrik enerjisi günəş panellərindən alındığından fen və çox enerji sərf edən digər cihazlardan istifadə edilmir. Mobil rabitə olmasa da, peyk interneti mövcuddur.
Kimlər müraciət edə bilər?
Bu işə yalnız Böyük Britaniyada yaşayan və orada işləmək hüququ olan şəxslər müraciət edə bilərlər.
Namizədlər fiziki dözümlülüklə yanaşı, uzun müddət təcrid olunmuş şəraitdə və kiçik komanda ilə birgə yaşamağa da hazır olmalıdırlar.
Antarktida Pinqvin vakansiya Port-LokroyMənbə: lent.az