Hazırda startapların üzləşdiyi əsas problemlərdən biri maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasıdır.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, əksər hallarda bu vəsaitlər məhz dövlət tərəfindən verilən qrant və yardım formatında olur: "Amma məqsədimiz özəl sektorda bu prosesin təşkilini daha da genişləndirməkdir. Məqsədimiz ölkəmizə daha çox investisiya axınını gətirmək və investisiya cəlb edilmiş startapların fəaliyyətini gücləndirməkdir. Startaplara və investorlara münasibətdə olan güzəştləri qeyd etmişik. Xüsusilə qeyd etmək lazımdır ki, həm xarici bazarlarda, həm də ölkəmizdə formalaşan və fəaliyyət göstərən startapların investisiya cəlbediciliyinin artırılması üçün təşviqlər nəzərdə tutulmuşdur".
F.Osmanov hədəfin Azərbaycanı rəqəmsal bir haba çevirməkdən ibarət olduğunu deyib: "Yəni həm yüksək ixtisaslı mütəxəssislərin çalışdığı, investisiyaların cəlb olunduğu, həm də innovativ məhsul və xidmətlərin yarandığı və xaricə ixrac oluna bildiyi bir məkana çevrilməkdir. Bu qanunvericilik təhlil olunan zaman biz bir çox ölkələrin təcrübəsini araşdırmışıq. Bəzi ölkələr daha çox rəqəmsallaşma istiqamətinə fokuslanır, bəzi ölkələr daha çox investisiya yatırımı və cəlbedicilik istiqamətinə, bəzi ölkələr isə daha çox "rəqəmsal səyyah" dediyimiz mütəxəssislərin ölkəyə cəlb olunması istiqamətində çalışırlar".
O qeyd edib ki, hər bir ölkənin müəyyən bir istiqaməti var: "Bizim qarşımıza qoyduğumuz əsas hədəf hər bir ölkədə olan üstünlükləri, həmkarlarımızın tətbiq etdiyi müsbət təcrübələri götürərək bir qanunvericilik paketinə toplamaqdır. Məhz bu fürsətdən istifadə edərək ölkəmizi rəqəmsal xaba çevirməyi planlaşdırırıq. Bu yanaşma bizə həm yerli ekosistemi gücləndirməyə, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı bir mühit yaratmağa imkan verəcək".
Mənbə: report.az