Atasını itirdikdən sonra anasının ikinci dəfə ailə qurması azyaşlı qızın həyatını kabusa çevirib.
Lent.az-ın xəbərinə görə, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə, ailədə yeni uşağın dünyaya gəlməsindən sonra qıza qarşı münasibət kəskin dəyişib:
"Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan azyaşlı qızın həyatı anasının yenidən ailə qurmasından sonra dəyişib. Ailədə yeni uşağın dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb. İddialara görə, anası ona qarşı çox pis münasibət göstərib və qız demək olar ki, hər gün zorakılığa məruz qalıb.
Evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər. Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb.
Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibələri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər.
Uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb".
Məlumata görə, 14 yaşlı yeniyetmə indiyədək məktəbə getməyib:
"Bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır. Yaşadığı ağır hadisələrə baxmayaraq, gülümsəməyi də unutmur. Bibilərinin sözlərinə görə, anasının vəziyyəti də narahatlıq doğurur və onun ciddi psixoloji problemlərinin ola biləcəyindən şübhələnirlər.
Bir uşağın uşaqlığı zorakılıqla, qorxu ilə və təhsildən uzaqda keçib. İndi isə onun qarşısında yeni bir yol açılır: öyrənmək, güvəndə olmaq və bəlkə də ilk dəfə özünü uşaq kimi hiss etmək".
Sizin brauzer video tagını dəstəkləmir. yeniyetmə sığınacaq sosial xəbərlər qadın sığınacaqları əlifba öyrənmək zorakılıqMənbə: lent.az