IMG-LOGO

Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir

12 Sep 2026 20:15 3 baxış
IMG
0 0

Əksər insanlar xarici ölkəyə səfər etmək üçün pasporta ehtiyac duyur. Lakin dünyada bu qaydanın şamil olunmadığı cəmi üç nəfər var. Söhbət Böyük Britaniya kralı və Yaponiya imperator cütlüyündən gedir.

Lent.az xəbər verir ki, Böyük Britaniya monarxının xarici ölkələrə pasportsuz səfər etmək hüququ var. Kraliça II Elizabetin ölümündən sonra bu imtiyaz onun oğlu, hazırkı kral III Çarlza keçib.

Britaniya kral ailəsinin rəsmi saytında da qeyd olunur ki, monarx xarici səfərlər zamanı Britaniya pasportundan istifadə etmir.

Kral üçün adi pasport əvəzinə xüsusi sənəd nəzərdə tutulub. Həmin sənəddə xarici dövlətlərin nümayəndələrindən onun sahibinin sərbəst hərəkətinə şərait yaradılması, həmçinin ona lazımi müdafiə və yardım göstərilməsi xahiş olunur.

Bu istisna Britaniya kral ailəsinin digər üzvlərinə şamil edilmir. Onlar digər vətəndaşlar kimi səyahət zamanı pasportdan istifadə edirlər.

Yaponiya imperatorunun niyə pasportu yoxdur?

Eyni imtiyaz Yaponiya imperatoru Naruhito və onun həyat yoldaşı, imperatriça Masakoya da aiddir.

Yaponiya imperator cütlüyünün xüsusi statusu ölkənin Xarici İşlər Nazirliyinin 1971-ci ildə qəbul etdiyi sənədlə izah olunur. Həmin sənəddə imperator və ya imperatriçaya pasport verilməsinin “son dərəcə uyğunsuz” olacağı bildirilib.

Yaponiya hakimiyyəti imperator və imperatriçanın digər vətəndaşlarla eyni qaydada xarici ölkəyə giriş prosedurlarından keçməsini də uyğun hesab etmir.

Bu səbəbdən onlar xarici səfərlər zamanı pasport əvəzinə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən xüsusi sənəddən istifadə edirlər. Səfərdən əvvəl nazirlik imperator cütlüyünün gəlişi barədə gediləcək ölkəyə əvvəlcədən məlumat verməlidir.

Bu imtiyaz yalnız imperator və imperatriçaya aiddir. Yaponiya imperator ailəsinin digər üzvləri isə xarici səfərlərdə diplomatik pasportlardan istifadə edirlər.

dünya pasport xarici pasport

Mənbə: lent.az

Xəbər lenti