IMG-LOGO

9 yaşlı uşaq Alp dağlarının ən yüksək zirvəsini fəth etdi

12 Sep 2026 15:58 2 baxış
IMG
2 0

İtalyan əsilli 9 yaşlı britaniyalı Lelio Massimo di Rokkasekka Alp dağlarının ən yüksək nöqtəsi Monblan zirvəsini fəth edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Londonda doğulan və hazırda valideynləri ilə Romada yaşayan Lelio sentyabrın 4-də atası, şahzadə Valerio Massimo di Rokkasekka dei Volşi ilə birlikdə 4807 metr hündürlüyündəki zirvəyə qalxıb.

Atasının sözlərinə görə, bu yürüş Lelionu Monblana öz gücü ilə qalxan ən gənc insan edib. Bu faktı Quter dağ sığınacağının sahibi də məktubunda təsdiqləyib.

“Bu dünyanı ayaqlarının altında görmək inanılmaz hissdir. Buradan üç ölkənin – İtaliya, Fransa və İsveçrənin dağlarını görmək mümkündür”, – deyə Lelio jurnalistlərə bildirib.

Zirvəyə qalxdıqdan sonra ailə bu hadisəni zirvədən təxminən min metr aşağıda yerləşən Quter sığınacağında qeyd edib.

Lakin Valerio Massimo di Rokkasekka dei Volşi vurğulayıb ki, onun üçün əsas məsələ rekord deyil, oğlunun dağlara olan sevgisidir.

“Məsələ rekordda deyil. Lelio sadəcə dağları sevir”, – o bildirib.

Lelionun atası isə ilk dəfə 14 yaşında Monblana qalxıb. Daha sonra Everest, Ço-Oyu və K2 zirvələrini də fəth edib.

Lelio isə alpinizmlə cəmi 3 yaşından məşğul olmağa başlayıb. O, 5 yaşında Qran-Sasso zirvəsinə qalxıb, 2026-cı ildə isə İsveçrədəki Bişhorn zirvəsini fəth edib.

İndi gənc alpinist Ayger və Matterhorn zirvələrinə qalxmağı planlaşdırır. Bununla belə, Lelio alpinizmin onun üçün sadəcə hobbi olduğunu bildirir. O, gələcəkdə paleontoloq olmaq istəyir.

Lelionun ailəsinin tarixinin Qədim Roma dövrünə qədər uzandığı bildirilir. Onun 52 yaşlı atası Kembric Universitetinin məzunudur və investisiya biznesi ilə məşğuldur.

dünyadan xəbərlər Alp dağları alpinistlər şahzadələr

Mənbə: lent.az

Xəbər lenti