IMG-LOGO

Bu ölkədə bəzi şəxslərə 10 illik yaşayış icazəsi verəcək

12 Sep 2026 11:29 3 baxış
IMG
0 0

Küveytdə bəzi şəxslər üçün 10 ilədək yaşayış icazəsi tətbiq olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalar Küveytdə vətəndaşlığını itirmiş müəyyən şəxslərə ölkədə xarici rezident statusunda qanuni şəkildə qalmaq imkanı verəcək.

Qərar Küveytin baş nazirinin müavini və daxili işlər naziri şeyx Fəhd Yusif Səud əs-Sabahın sərəncamı ilə qüvvəyə minib.

Yeni qaydalara əsasən, 1959-cu il Vətəndaşlıq Qanununun 13-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq Küveyt vətəndaşlığından məhrum edilmiş şəxslər bu hüquqdan yararlana bilərlər. Buraya, o cümlədən ölkənin iqtisadi və ya sosial nizamına zərərli hesab edilən davranışlara görə vətəndaşlığı ləğv edilən şəxslər daxildir.

Yeni norma həmin şəxslərin himayəsində olan və onların vasitəsilə Küveyt vətəndaşlığı əldə etmiş, sonradan isə vətəndaşlıqdan məhrumetmə qərarına daxil edilmiş ailə üzvlərinə də şamil olunur.

Bu statusdan istifadə etmək istəyən şəxslər əvvəlki vətəndaşlıqlarını bərpa etməli və ya başqa ölkənin vətəndaşlığını əldə etməlidirlər.

Məlumata görə, bu qərar Küveyt vətəndaşlığını bərpa etmir və vətəndaşlıqdan məhrumetmə barədə əvvəlki qərarı ləğv etmir. Yeni hüquqi status yalnız həmin şəxslərin Küveytdə xarici rezident kimi yaşamasına imkan verir.

Küveyt eyni zamanda xarici rezidentlərin ölkədən kənarda qala biləcəyi müddətlə bağlı qaydaları da dəyişib.

Əksər xarici rezidentlər Küveytdən kənarda maksimum altı ay qala bilərlər. Lakin yeni status verilən şəxslər, Küveytli qadınların bəzi xarici vətəndaş övladları, daşınmaz əmlak sahibləri və müəyyən tələblərə cavab verən investorlar üçün istisnalar nəzərdə tutulub.

Ev işçiləri üçün isə qaydalar daha sərtdir. Onlar Küveytdən kənarda maksimum dörd ay qala bilərlər. Bu müddət əvvəlcədən icazə alınmadan keçilərsə, onların yaşayış hüququ ləğv edilə bilər.

Küveyt dünya ölkə yaşayış icazəsi valyuta

Mənbə: lent.az

Xəbər lenti