IMG-LOGO

“Ölməyib ki, çöldə gəzir” – Dostunu bıçaqlayan şəxsdən ŞOK SÖZLƏR

25 Aug 2026 13:48 6 baxış
IMG
1 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən İlkin Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İlkin Musayev özünü qismən təqsirli bildiyini deyib:

“Ölməyib ki, çöldə gəzir”.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, uşaqlıq dostu Qabil Rzayevi öldürmək niyyətində olmadığını bildirib.

“Məsələnin kökü 2019-cu ilə gedib çıxır. Məhlədə uşaqlardan biri bacımı vurub ağlatmışdı. Mən də həmin uşağı tapıb onunla dalaşdım. Sonra o, bir neçə nəfərlə üstümə gəldi. Qabillə birlikdə onların öhdəsindən gəldik.

Hadisədən səkkiz ilə yaxın vaxt keçəndən sonra qulağıma çatdı ki, Qabil dost-tanış arasında ‘İlkinin bacısının məsələsini mən həll etmişəm’ deyir. Biz artıq uşaq deyilik, bacım da cavan qızdır. Dostumun onun adını hallandırması mənə pis təsir etdi”, – deyə İlkin Musayev bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün Qabil Rzayevlə görüşmək istəyib. Lakin qarşı tərəf razılaşdırılmış yerə gəlməyib.

“Qabili məhlədə görəndə niyə gəlmədiyini soruşdum. İşə getdiyini dedi. Mən də işlədiyimi, ancaq söhbət vacib olduğu üçün icazə aldığımı bildirdim. Üzərimdə həmişə bıçaq gəzdirmirəm. Qabilin dərsini vermək, qulağında sırğa olsun deyə üzündə nişan qoymaq istəyirdim. Cibimdəki bıçağı dörd-beş dəfə onun sifətinə tərəf vurdum. Bıçaq üzünə və qulağına dəydi. Müqavimət göstərəndə yerə yıxıldı. Yerdən sınıq kafel götürüb üstümə atmaq istəyəndə onu zərərsizləşdirdim. Üzünü qan aparırdı. Buna baxmayaraq, ayağa qalxıb əlimdən qaçdı”, – deyə o vurğulayıb.

Məhkəmə prosesi sentyabrın 15-i saat 12:00-da davam etdiriləcək.

Xatırladaq ki, hadisə 2026-cı ilin aprelində Bakının Suraxanı rayonunda baş verib. İttihama əsasən, İlkin Musayev aralarında yaranmış münaqişə zamanı dostluq münasibətində olduğu Qabil Rzayevə bıçaq zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. İlkin Musayev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci – xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd maddəsi ilə təqsirləndirilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

İlkin Musayev Qabil Rzayev dostunu bıçaqladı Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə prosesi Suraxanı bıçaqlanma kriminal cinayət işi adam öldürməyə cəhd Firdovsi Əliyev Bakı xəbərləri

Mənbə: lent.az

Xəbər lenti