Avropanın bir sıra şəhərlərində turistlərə endirimlər və pulsuz əyləncələr təklif olunur. Lakin bu imkanlardan yararlanmaq üçün səyahətçilər müəyyən şərtləri yerinə yetirməlidirlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın turizm istiqamətləri səyahətçiləri daha məsuliyyətli davranmağa təşviq etmək üçün maraqlı üsullardan istifadə etməyə başlayıb. Turistlərə əlavə qadağalar qoymaq əvəzinə, avtomobildən imtina etmək, ictimai nəqliyyatdan istifadə etmək, zibil toplamaq və ətraf mühit üçün faydalı digər işlər görmək müqabilində müxtəlif bonuslar verilir. Mükafatlar arasında endirimlər, pulsuz velosiped icarəsi, görməli yerlərə giriş, qayıq gəzintiləri və hətta pulsuz yemək də var.
Bu sahədə ən məşhur nümunələrdən biri Danimarkadır. Kopenhagendə hələ 2024-cü ildə “CopenPay” proqramı istifadəyə verilib. Proqram ekoloji davranışın turistlər üçün müxtəlif üstünlüklərlə mükafatlandırılması prinsipi üzərində qurulub. Səyahətçilər şəhər bağlarında işləyə, küçələrdə zibil toplaya və ya ictimai nəqliyyatdan istifadə edə bilirlər. Bunun müqabilində onlara velosiped icarəsi, qayıq gəzintisi, yemək və digər xidmətlər pulsuz təqdim olunur. Bu təşəbbüs Danimarkanın hüdudlarından kənarda da maraq doğurub. Oxşar yanaşmalar Almaniyanın Bremen və Finlandiyanın Helsinki şəhərlərində sınaqdan keçirilməyə başlayıb. Avropanın digər ölkələri ilə yanaşı, Asiya və Şimali Amerikanın turizm sektoru nümayəndələri də bu modelə maraq göstəriblər.
Böyük Britaniyada da turistləri təşviq edən ayrıca sistem fəaliyyət göstərir. Eksmur Milli Parkına məsuliyyətli şəkildə səyahət edən turistlərə 20 faiz endirim təklif olunur. Endirimi əldə etmək üçün parka velosiped və ya ictimai nəqliyyatla gəlmək mümkündür. Digər variantlar arasında zibil toplamaq, vəhşi təbiətlə bağlı müşahidələri qeydə almaq və park haqqında sosial şəbəkələrdə müsbət paylaşımlar etmək də var. İtaliyada isə ekoloji təşviq üsullarından bəzi məşhur xizək kurortlarında istifadə olunur. Şəxsi avtomobil əvəzinə ictimai nəqliyyata üstünlük verən turistlər endirim əldə edə bilirlər. Bununla da dağlıq ərazilərdə avtomobillərin sayının və nəqliyyat yükünün azaldılması hədəflənir. Fransada fərqli üsul tətbiq olunur. Bəzi turizm istiqamətlərində üç gündən artıq qalan səyahətçilərə əlavə bonuslar verilə bilər. Məqsəd turistləri qısamüddətli səfərlər əvəzinə daha uzunmüddətli istirahətə həvəsləndirməkdir.
İsveçrədə səyahət edənlər üçün də müxtəlif üstünlüklər mövcuddur. “Swiss Travel Pass” sahibləri 500-dən çox muzeyi ziyarət edə, dağ dəmir yollarının əksəriyyətində isə 50 faizədək endirim əldə edə bilirlər.
Travel Avropa turistlər pulsuz xidmətlərMənbə: lent.az