Bu gün Azərbaycanın tanınmış xanəndəsi Alim Qasımovun doğum günüdür.
Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.
-Alim Qasımov kimdir?
Azərbaycan Respublikasının xalq artisti, tanınmış xanəndədir.
-O, neçənci ildə və harada dünyaya gəlib?
Alim Qasımov 14 avqust 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olub.
-Təhsil həyatı necə keçib?
O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb.
-Hansı tanınmış şəxslər ona müəllimlik edib?
Müəllimləri tanınmış muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.
-Televiziyada ilk çıxışı neçəənci ilə təsadüf edir?
1979-cu ildə ilk dəfə Azərbaycan Televiziyasında çıxış edib.
-Alim Qasımov nə zaman muğam müsabiqəsinin qalibi olub?
1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.
-Başqa hansı müsabiqələrdə iştirak edib?
2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
-Onun 47 Avropa ölkəsində səsləndirilən diskinin adı nədir?
2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib.
-A.Qasımov hansı məşhur assambleyanın üzvü seçilib?
2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
-Xanəndənin hansı məşhur şəxslərlə dueti olub?
2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib. Məşhur amerikalı müğənni Jeff Buckley ilə də eyni səhnədə oxuyub. Onların Fransadakı musiqi festivalında təsadüfi tanışlığı sonradan birgə ifaya çevrilib.
-Alim Qasımovun iştirak etdiyi məşhur layihənin adı nədir?
-Yo-Yo Ma ilə “Silk Road” layihəsində çalışıb. Alim Qasımov dünya şöhrətli violonçel ifaçısı Yo-Yo Manın yaratdığı “Silk Road Ensemble” ilə əməkdaşlıq edib və Azərbaycan muğamını bu layihə vasitəsilə dünyanın böyük konsert salonlarına çıxarıb.
-O, ölkəmizdə təşkil edilən hansı beynəlxalq yarışlarda ifa edib?
2012-ci ildə Bakıda keçirilən 57-ci “Avroviziya” Mahnı Müsabiqəsinin finalında Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Xanəndə Bakı Olimpiya Stadionunda qaranlıq səhnədə uçan xalça üzərində muğam ifa edib.
-Filmoqrafiyası haqqında hansı məlumatlar mövcuddur?
Opera səhnəsində də çıxış edib. 1989-cu ildən Opera və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də isə Aşıq Qərib obrazını canlandırıb.
-Onun haqqında çəkilən filmin adı nədir?
Alim Qasımovun haqqında UNESCO tərəfindən sənədli film çəkilib. 1999-cu ildə hazırlanan sənədli filmin təqdimatı keçirilib.
-İfası ilə bağlı ən diqqətçəkən məqam nədir?
Səhnədə ifasını əvvəlcədən tam planlaşdırmır. 2025-ci ildə “Euronews”a müsahibəsində ifalarının intuitiv şəkildə, həmin andakı hisslərdən doğduğunu bildirib. Bu, onun eyni muğamı müxtəlif konsertlərdə fərqli təqdim etməsinin səbəblərindən biridir.
-Onun ifasında məşhurlaşan əsərlərin adları nədir?
“Sarı gəlin”, “Ay qız”, “Apardı sellər Saranı”, , “Xatirədir”, “Ayrılıq nəğməsi”, “Bağda ərik var idi”, “Əziz dostum”, “Ana”, “Ana yurdum”, kimi məşhur mahnı və təsnifləri var.
-Alim Qasımov sənətə yeni başladığı illərdə hansı çətinliklərlə üzləşib?
Gənc yaşlarında radioya buraxılmayıb. Məşhur tarzən Hacı Məmmədov onu radioya apararaq “Çahargah” yazdırmaq istəyib. Lakin Qasımovun hələ gənc olduğu əsas gətirilərək buna icazə verilməyib.
-Xanəndənin ailə həyatı necədir?
Ailəlidir. Qızı Fərqanə Qasımova da xanəndədir.
-O, hansı mküfatlara layiq görülüb? Alim Qasımov 1988-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf”, 2022-ci ildə “İstiqlal” ordenlərinə, 1999-cu ildə isə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının Musiqi Mükafatına layiq görülüb.
Alim Qasımov Bioqrafiya mədəniyyət xəbərləriMənbə: lent.az