Müflis olan bəzi startapların təsisçiləri keçmiş əməkdaşlarının iş yazışmalarını süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan şirkətlərə satmağa başlayıblar. Korporativ elektron məktublar, “Slack” mesajları və digər rəqəmsal arxivlər süni intellekt modellərinin öyrədilməsi üçün qiymətli məlumat mənbəyinə çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bağlanmış şirkətlərə əməkdaşlarının korporativ məlumatlarını gəlir mənbəyinə çevirməyə kömək edən xüsusi vasitəçi platformalar formalaşıb.
Süni intellekt sənayesi sürətlə böyüdükcə modellərin təlimi üçün keyfiyyətli və real məlumat bazalarının tapılması çətinləşir. Buna görə də şirkətlərin daxili rəqəmsal iş mühitləri proqramçılar üçün maraqlı mənbəyə çevrilib.
Korporativ yazışmalar əsasında süni intellekt üçün virtual iş mühitləri yaradılır. Belə sistemlərdə süni intellekt ofis tapşırıqlarını yerinə yetirməyi, əməkdaşlarla ünsiyyət qurmağı və müxtəlif iş vəziyyətlərində qərar verməyi öyrənir.
Bu cür məlumatlara marağın çox yüksək olduğu bildirilir. Məlumata görə, “Anthropic” kimi iri süni intellekt şirkətləri belə təlim platformalarının inkişafına böyük məbləğdə vəsait ayırmağa hazırlaşırlar.
Müflislik yeni gəlir mənbəyinə çevrilibŞirkət fəaliyyətini dayandırdıqdan sonra bəzi sahibkarlar korporativ arxivləri silmək əvəzinə onları xüsusi platformalar vasitəsilə süni intellekt şirkətlərinə satırlar.
Belə platformalardan biri “Slack” yazışmalarını, elektron məktubları və proqram kodlarını satışdan əvvəl şəxsiyyəti müəyyənləşdirən məlumatlardan təmizlədiyini bildirir.
Məlumata görə, xidmət son bir il ərzində yüzə yaxın belə sövdələşmənin həyata keçirilməsinə kömək edib. Nəticədə fəaliyyətini dayandırmış startapların sahibləri ümumilikdə bir milyon dollardan çox gəlir əldə ediblər.
Ekspertlər şəxsi məlumatlarla bağlı xəbərdarlıq edirBu praktika məxfilik və şəxsi məlumatların qorunması üzrə mütəxəssislərdə ciddi narahatlıq yaradıb.
Ekspertlərin fikrincə, əgər adi ofisdə əməkdaşların söhbətləri gizli şəkildə yazılaraq sonradan üçüncü tərəflərə satılsaydı, bu, böyük ictimai rezonansa səbəb olardı. Lakin rəqəmsal yazışmalarla bağlı oxşar təcrübə getdikcə daha geniş yayılır.
Korporativ mesajlaşma platformalarında təkcə iş məsələləri deyil, əməkdaşların şəxsi məlumatları və özəl söhbətləri də yer ala bilər. Şirkətin rəqəmsal arxivləri satıldıqda həmin məlumatların üçüncü tərəflərin əlinə keçməsi riski yaranır.
Süni İntellekt və Rəqəmsal Siyasət Mərkəzinin təsisçisi Mark Rotenberq bildirib ki, belə məlumatların satılması məxfiliyin qorunması baxımından ciddi problemlər yaradır.
Anonimləşdirmə də tam təhlükəsiz olmaya bilərMütəxəssislərin narahat olduğu digər məsələ məlumatların nə dərəcədə effektiv anonimləşdirilməsidir.
İnformasiya təhlükəsizliyi üzrə ekspertlər hesab edirlər ki, şəxsi məlumatlar kifayət qədər dəqiq gizlədilməzsə, sonradan müəyyən əməkdaşların kimliyini müəyyənləşdirmək mümkün ola bilər.
Bu isə gələcəkdə süni intellekt sistemlərinin cavablarında məxfi məlumatların üzə çıxması və yeni şəxsi məlumat sızmalarının baş verməsi riskini artıra bilər.
süni intellekt texno yazışmalarMənbə: lent.az