IMG-LOGO

Dünyadakı ən məşhur yuxular hansılardır?

23 May 2026 15:29 4 baxış
IMG
0 0

Əgər sizə nə vaxtsa yuxuda dişlərinizin töküldüyünü görmək qismət olubsa, bilin ki, bu vəziyyətdə tək deyilsiniz.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər "Google"də yuxularla bağlı ən çox axtarışları araşdırıblar.

Məlum olub ki, ümumilikdə dünyada ən çox axtarılan yuxu ilanlarla bağlıdır. Araşdırmaya görə, Braziliyada ilan yuxuları ay ərzində 352 min dəfə, Türkiyədə isə 214 min dəfə axtarılır. Xüsusilə zəhərli ilanların yaşadığı bölgələrdə bu tip yuxular ən populyar siyahıya başçılıq edir.

Bununla belə, Şimali Amerikanın və Qərbi Avropanın böyük hissəsində ən çox görülən yuxu dişlərin tökülməsi olub. ABŞ-da dişlərin töküldüyü yuxularla bağlı aylıq təxminən 81 min axtarış edilir.

Mütəxəssislər bildirirlər ki, dişlərin töküldüyü yuxular haqqında yazılı məlumatlar hələ eramızın II əsrinə gedib çıxır. Keçmişdə insanlar bu yuxunu yaxın qohumun ölümü ilə əlaqələndirirdilər. Daha sonrakı dövrlərdə isə bu yuxu yaşlanma qorxusunun simvolu kimi izah olunmağa başlanıb.

1984-cü ildə aparılan kiçik bir araşdırma zamanı müəyyən edilib ki, dişlərlə bağlı yuxu görən insanlar daha çox narahatlıq və depressiya hissi yaşayırlar. Araşdırmada qeyd olunub ki, bu şəxslər həyatlarından daha az məmnun olur, həyatlarına nəzarəti zəif hiss edir və özlərini daha çox çarəsiz hesab edirlər.

Alimlərin fikrincə, dişlərin tökülməsi ilə bağlı yuxular qədim insanlardan qalan şüuraltı və arxetipik qorxularla əlaqəli ola bilər. Qədim dövrlərdə dişlərin itirilməsi insan üçün həyati təhlükə hesab olunurdu, çünki bu, qidalanma və müdafiə imkanlarını zəiflədirdi. Buna görə də diş itkisi ölümə aparan təhlükə kimi qəbul edilirdi.

Müasir dövrdə isə nəzarəti itirmək, çarəsizlik və stress kimi psixoloji vəziyyətlər bu qədim arxetipik yuxuların yaranmasına səbəb ola bilər.

Bununla yanaşı, daha sadə bir izah da mövcuddur. Tədqiqatçılar bildirirlər ki, dişləri ilə bağlı real həyatda daha çox narahat olan insanlar yuxularında da dişlərini daha tez-tez görürlər.

yuxular ən çox görülən yuxu

Mənbə: lent.az

Xəbər lenti