Zəif institutlar iqlim təsirlərini təhlükəsizlik riskinə çevirir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.
Onun sözlərinə görə, daşqın, quraqlıq və ya həddindən artıq istilik kimi iqlim şokları ilk növbədə su, kanalizasiya, mənzil, nəqliyyat və tullantı sistemlərinə ciddi təzyiq göstərə bilər: "Əgər institutlar zəifdirsə, resurslar yetərsizdirsə və ya qurumlar arasında koordinasiya yoxdursa, bu xidmətlərdə yaranan nasazlıqları idarə etmək daha da çətinləşir. Müxtəlif qurumlar arası erkən xəbərdarlıq mexanizmlərinin və yaxud uyğunlaşdırılmış strategiyaların olmaması nəticəsində xidmətlərin iflası və ya resurs qıtlığı sosial gərginliyi artıra, cinayətkar istismarı gücləndirə, silahlı qrupların müdaxiləsinə şərait yarada və digər arzuolunmaz təsirlərə yol aça bilər. İdarəetmənin bu müxtəlif sahələri eyni zamanda erkən xəbərdarlıq sistemləri və həssaslığın qiymətləndirilməsi üçün mühüm məlumat mənbələri rolunu oynayır. Burada əsas məqam ondan ibarətdir ki, iqlim dəyişikliyi və ya urbanizasiya təkbaşına təhlükəsizlik problemləri yaratmır. Lakin silahlı qrupların, qeyri-qanuni iqtisadi fəaliyyətin, korrupsiyanın və ya sosial gərginliyin mövcud olduğu ərazilərdə iqlim təsirləri - xüsusilə resurs qıtlığı və idarəetmə zəifliyi - bu riskləri daha da dərinləşdirə və təhlükəsizlik təhdidinə çevirə bilər".
Ekspert əlavə edib ki, erkən xəbərdarlıq və koordinasiyalı müdaxilə risklərin güclənməsinin qarşısının ala bilər: "Mənfi qarşılıqlı əlaqələr bir-birini gücləndirdiyi kimi, müsbət müdaxilələr də oxşar şəkildə təsirini artırır. Təklif etdiyimiz çərçivənin siyasət agentlikləri, çoxtərəfli qurumlar, milli hökumətlər və yerli idarəetmə orqanları üçün faydalı olmasının iki əsas səbəbi var. Birincisi, bu çərçivə onlara zorakılıq və ya sistem çöküşü baş verdikdən sonra reaksiya vermək əvəzinə, sistemlər üzrə erkən xəbərdarlıq əlamətlərini vaxtında müəyyən etməyə imkan verir. İkincisi, o, müdaxilə üçün konkret giriş nöqtələrini müəyyənləşdirir - yəni praktik tədbirlərin mənfi dövrləri dayandıraraq dayanıqlılığı gücləndirə biləcəyi sahələri göstərir. Bununla belə, əsas yanaşma ondan ibarətdir ki, əgər infrastruktur xidmətləri pozulursa, resurs çatışmazlığı yaranır və ya su təminatı qeyri-kafidirsə, üstəlik həmin ərazilərdə mövcud təhlükəsizlik dinamikaları da varsa, bu zaman siyasət aktorları əməkdaşlıq etməli və dialoq qurmalıdırlar. Qısacası, məqsəd riskləri vaxtında görmək və koordinasiyalı müdaxilə ilə onların güclənməsinin qarşısını almaqdır".
Mənbə: report.az