Müasir şəhərlər və yaşayış məntəqələri sağlam, ahəngdar və dayanıqlı məkanlar kimi inkişaf etməlidir, peşəkar əməkdaşlıq isə bu məqsədlərə nail olmaqda həlledici rol oynayır.
"Report" xəbər verir ki, bu barədə "Habitat Professionals Forum"un sədri Eleanor Mohammed Bakıda WUF13 çərçivəsində keçirilən "Habitat Mütəxəssisləri Forumu təbii fəlakətlərdən sonra transformativ bərpa üçün yeni qlobal əsası işə salır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, forum 1999-cu ildə qlobal peşəkar assosiasiyalar və UN-Habitat arasında sağlam urbanizasiyanın və davamlı insan inkişafının təşviqinə yönəlmiş fənlərarası tərəfdaşlıq kimi yaradılıb.
Mohammed qeyd edib ki, bu gün "Habitat Professionals Forum" şəhərsalma mütəxəssisləri, memarlar, mühəndislər, landşaft memarları, tədqiqatçılar, tibb işçiləri və təhsil sahəsində mütəxəssislər də daxil olmaqla, bütün dünyada təxminən 15 milyon mütəxəssisi təmsil edən 27 beynəlxalq peşəkar təşkilatı özündə birləşdirir.
"Təşkilatın missiyası bütün dünyada şəhərlərə və icmalara öz potensialını üzə çıxarmağa və davamlı inkişafa nail olmağa kömək edən peşəkar əməkdaşlığın və bilik mübadiləsinin inkişaf etdirilməsindən ibarətdir", - o qeyd edib.
Mohammedin sözlərinə görə, müasir çağırışlar, o cümlədən qlobal böhranların və təbii fəlakətlərin nəticələri, biomüxtəlifliyin itirilməsi, texnoloji dəyişikliklər, demoqrafik proseslər və irqçiliyin uzunmüddətli fəsadları inteqrativ və sistemli həll yolları tələb edir.
O, həmçinin bildirib ki, qlobal böhranlardan və təbii fəlakətlərdən sonrakı bərpa məsələlərinə kompleks şəkildə və qarşılıqlı əlaqədə baxılmalıdır.
Mənbə: report.az