IMG-LOGO

BMT: İqlim, sülh və təhlükəsizlik yanaşmaları risklərin idarə olunmasına hazırlığı artırır

21 May 2026 12:59 3 baxış
IMG

İqlim, sülh və təhlükəsizlik yanaşmaları risklərin idarə olunmasında hazırlığı artırır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının məsləhətçisi Matti Lehtonen Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

"Beləliklə, iqlim, sülh və təhlükəsizlik yanaşması daha çox hazırlıqlı olmaqla bağlıdır. Bu, risklərin mahiyyətini anlamağı, ortaq anlayış formalaşdırmağı və bunun əsasında həmin riskləri daha effektiv şəkildə idarə etməyi nəzərdə tutur. Bizim sizdən eşitmək istədiyimiz mühüm məqamlardan biri də - qeyd etdiyim kimi, bu görüş interaktiv formatda nəzərdə tutulub - məsələlərin necə təqdim olunması, necə çərçivələndirilməsi və ya ümumiyyətlə hansı hallarda fərqli şəkildə təqdim edilməli olması ilə bağlı hər hansı həssas məqamların olub-olmamasıdır. Bu, bizim də xüsusi maraq göstərdiyimiz müzakirə mövzularındandır. Biz iqlim, sülh və təhlükəsizlik yanaşmasını onun faydalı olduğu kontekstlərdə tətbiq edirik. Əgər bu yanaşma faydalı deyilsə, o, hər vəziyyətdə mütləq tətbiq edilməli olan bir çərçivə kimi qəbul edilmir", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, təbiətə əsaslanan həllərin sülh proseslərində rolu artır: "İqlim Təhlükəsizliyi Mexanizmi (Climate Security Mechanism) çərçivəsində biz sülhməramlı missiyalarla sıx əlaqəni görürük. Təbiətə əsaslanan həllərin tətbiqi ilə mülki zorakılığın azaldılmasına dair nümunələr mövcuddur - xüsusilə Haiti ssenarisində. Bu yanaşma həm də xüsusi siyasi missiyalar və Baş Katibin "good offices" (xoşməramlı səylər) mexanizmi ilə əlaqəlidir. Beləliklə, bu məsələni yalnız analitik çərçivədə deyil, daha geniş idarəetmə və siyasət kontekstində də nəzərdən keçirmək mümkündür. Bu, milli siyasətlərin əlaqələndirilməsini, şəhərlərin yalnız icraedici tərəfdaşlar kimi deyil, həm də dialoq proseslərinin iştirakçısı kimi tanınmasını və sülh gündəliyinə daha fəal şəkildə daxil edilməsini nəzərdə tutur. Digər tərəfdən, sülhün qorunması və sülh quruculuğu kimi daha geniş çərçivədə təbiətə əsaslanan həllər və iqlim yönümlü tədbirlər etimadın möhkəmləndirilməsi və sosial həmrəyliyin gücləndirilməsi üçün platforma rolunu oynaya bilər".

Mənbə: report.az

Xəbər lenti