IMG-LOGO

Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır

21 May 2026 00:23 3 baxış
IMG

Azərbaycanla qaz tədarükü ilə bağlı mövcud olan 20 illik müqavilənin müddəti daha 20 il uzadılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə "Imedi LIVE" telekanalının efirində danışıb.

Hökumət başçısı vurğulayıb ki, enerji sahəsində qaldırılan bütün məsələlər konkret danışıqlar və razılaşmalar yolu ilə həllini tapıb. Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır:

"Son illərdə Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə artıb və 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi yeddi dəfə yüksəlib. Odur ki, biz bu imkanlardan maksimum istifadə etməliyik. Azərbaycanda imzalanan razılaşmalar müxtəlif istiqamətləri əhatə edir və onların hamısı Gürcüstanın tranzit funksiyasının inkişafına xidmət göstərəcək".

Baş nazir qeyd edib ki, qaz idxalı və tranziti ilə bağlı əldə olunan razılaşmalar ölkənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır: "Ən vacibi odur ki, biz lazımi həcmdə qaz əldə etdik. Bu isə ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir".

Baş nazir Azərbaycan tərəfinə təşəkkür edərək bildirib ki, aparılan danışıqlar iki hökumət arasında standart proses deyil, dostlar arasında dialoq xarakteri daşıyıb:

"Son üç ildə fəaliyyəti dayandırılan Bakı-Tbilisi-Supsa boru kəmərinin işi də bərpa olunacaq. Bu layihənin dayanması Gürcüstana hər il on milyonlarla lari həcmində potensial gəlir itkisinə səbəb olurdu. Bakı-Tbilisi-Qars dəmir yolu ayın sonunda fəaliyyətə başlayacaq və Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunacaq. Bütün bu razılaşmalar Gürcüstanın iqtisadi cəhətdən güclənməsi və regiondakı tranzit rolunun daha da artması üçün fundamental əhəmiyyətə malikdir".

Mənbə: report.az

Xəbər lenti