Dünyanın ən böyük su ehtiyatlarından birinə malik olan Kolumbiya, infrastrukturun yetərincə inkişaf etməməsi səbəbindən su resurslarına çıxışın çatışmazlığı paradoksu ilə üzləşir.
"Report" xəbər verir ki, bunu Kolumbiyanın mənzil inşası, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello Bakıda WUF13-də bildirib.
Onun sözlərinə görə, Kolumbiya su ehtiyatlarına görə dünyada altıncı yerdə qərarlaşıb, lakin ölkə əhalisinin böyük bir hissəsi hələ də su resurslarına əlçatanlıqla bağlı problemlər yaşayır.
O xatırladıb ki, şəhərin su resursları ilə zəngin olan And regionunda yerləşməsinə baxmayaraq, iki il əvvəl Boqotada ciddi su böhranı baş vermişdi.
Nazir müavininin sözlərinə görə, həmin dövrdə paytaxtda su təchizatına məhdudiyyətlər tətbiq olunmuş, sakinlər isə vedrələrdəki sudan istifadə etməyə məcbur olmuşdular.
"Biz hansısa məqamda sadəcə olaraq suyun dəyərini dərk etməyi dayandırdıq", - Marsilya Bello qeyd edib.
Mənbə: report.az