IMG-LOGO

BMT nümayəndəsi: Əlilliyi olan şəxslər mənzil və iqlimlə bağlı fəlakətlərdən daha çox əziyyət çəkirlər

20 May 2026 15:57 3 baxış
IMG

Əlilliyi olan şəxslər mənzil təhlükəsizliyinin olmaması, məcburi köçürülmə, iqlimlə bağlı fəlakətlər və artan şəhər yoxsulluğundan daha çox əziyyət çəkirlər.

"Report" xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının əlilliyi olan şəxslərin hüquqları üzrə nümayəndəsi Heba Hagrass Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ( WUF13) çərçivəsində təşkil olunmuş "Əlilliyi olan şəxslərin hüquqları üzrə Dəyirmi Masa"da videomüraciət zamanı deyib.

Onun sözlərinə görə, mənzil insan ləyaqətinin, müstəqilliyin, təhlükəsizliyin və ictimai həyatda iştirakın təməlidir:

"Lakin dünyada milyonlarla əlilliyi olan şəxs üçün adekvat mənzil hələ də əlçatmaz olaraq qalır. Bu, fərdi məhdudiyyətlərə görə deyil, şəhərlərin və sistemlərin hələ də bizi nəzərə almadan qurulması ilə bağlıdır".

Nümayəndə qeyd edib ki, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyada, xüsusilə, 9 və 19-cu maddələrdə açıq öhdəliklər müəyyənləşdirilsə də, bir çox şəhər mühitində əlçatanlıq hələ də ikinci dərəcəli məsələ və ya xeyriyyə əlavəsi kimi qəbul olunur:

"İstisnaların tətbiqi və uyğunlaşdırma üzərində qurulan bu reaktiv yanaşma artıq özünü doğrultmur. Bu həm bahalı, həm ayrı-seçkilik yaradan, həm də bərabərlik prinsipi ilə ziddiyyət təşkil edən yanaşmadır".

Mənbə: report.az

Xəbər lenti