IMG-LOGO

Samiya Süleyman: Braziliyada gecəqondu sakinləri şəhər infrastrukturunun hazırlanmasına cəlb edilir

19 May 2026 17:51 3 baxış
IMG

İctimai xəritələşdirmə hakimiyyət orqanlarına və şəhər xidmətlərinə qeyri-rəsmi yaşayış məntəqələrini şəhər planlaşdırması və xidmətlər sisteminə daxil etməyə kömək edir.

"Report" xəbər verir ki, bu barədə Braziliyanın Periferiyalar üzrə Milli Katibliyinin nümayəndəsi Samiya Süleyman (Samia Sulaiman) WUF13 çərçivəsində "İcma məlumatlarından ictimai təsirə – praktiki təcrübəyə malik ekspertlərin baxışı" mövzusuna həsr olunmuş tədbirində bəyan edib.

Onun sözlərinə görə, ictimai xəritəşədirmə metodologiyası Braziliyanın gecəqondular və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı siyasətinin əsasını təşkil edir.

"Əgər yaşayış məntəqəsinin ünvanı yoxdursa, o, görünməz olur. Buna görə də biz "Hamı üçün poçt indeksi" təşəbbüsünü inkişaf etdirir, sakinlərlə küçələrin təşkili və hətta onların adları barədə müzakirələr aparırıq ki, bu icmaları şəhər sisteminə inteqrasiya edək", - o deyib.

S.Süleyman qeyd edib ki, Braziliya sakinlərin özləri, universitetlər və ictimai təşkilatlarla əməkdaşlıq edərək torpaqdan istifadənin leqallaşdırılması, təbii fəlakət risklərinin azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma layihələrini maliyyələşdirir.

Onun sözlərinə görə, yerli icmaların iştirakı yalnız məlumat toplamağa deyil, həm də əhalinin öz bölgələrinin inkişafına cəlb olunmasını gücləndirməyə imkan verir.

"Belə şəraitdə yaşayan insanların problemləri öz nöqteyi-nəzərindən müzakirə etməsi vacibdir. Biz sadəcə xəritələr yaratmırıq və ya məlumat toplamırıq - biz icmalarla birlikdə real dəyişikliklər həyata keçiririk", - o vurğulayıb.

Milli Katibliyin nümayəndəsi həmçinin San-Paulu və Belendəki layihələrdən nümunələr gətirib. Burada sakinlər hakimiyyət orqanları ilə birlikdə daşqınlardan müdafiə, təbii su mənbələrinin bərpası və şəhər infrastrukturunun inkişafı üçün həll yollarının hazırlanmasında iştirak ediblər.

Mənbə: report.az

Xəbər lenti