Qlobal iqlim mexanizmləri ilə bələdiyyələrin imkanları arasında əhəmiyyətli bir boşluq mövcuddur, bunu da iqlim və şəhər siyasətinin daha sıx inteqrasiyası hesabına aradan qaldırmaq lazımdır.
"Report" xəbər verir ki, bunu ICLEI-nin Cənubi Amerika üzrə regional direktoru Rodriqo Perpetuo Bakıda WUF13 çərçivəsində Şəhər İqlim Fəaliyyəti və Dayanıqlı Urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu boşluğun aradan qaldırılmasına olan yüksək siyasi marağa baxmayaraq, şəhərlərin əsas tələbləri COP-un yekun sənədlərində və Yeni Şəhər Gündəliyinin yenidən baxılması prosesində hələ ki kifayət qədər öz əksini tapmayıb.
O, bu "şəhərlərin səsini" rəsmi razılaşmalarda təsbit etmək üçün danışıqlar aparanlara çatdırmağa çağırıb.
Perpetuo vurğulayıb ki, bu, iqlim maliyyələşdirilməsinin genişləndirilməsi və vəsaitlərin şəhər layihələrinə, xüsusən də mənzil, torpaqdan istifadə və dayanıqlı şəhər inkişafı sahələrinə daha səmərəli yönəldilməsi üçün vacibdir.
Qeyd edək ki, ICLEI (Dayanıqlı İnkişaf üçün Yerli Hakimiyyət Orqanları) dayanıqlı inkişafa dəstək verən beynəlxalq qeyri-hökumət təşkilatıdır. ICLEI dayanıqlı inkişaf məqsədlərini müəyyən etmək və onlara nail olmaq üçün yerli hakimiyyət orqanlarına texniki məsləhətlər verir.
Mənbə: report.az