IMG-LOGO

Səbinə Əliyeva: Əlilliyi olan şəxslər üçün şəhərlər əlçatan, təhlükəsiz və rahat olmalıdır

19 May 2026 09:51 3 baxış
IMG

Əlilliyi olan şəxslər üçün şəhərlər əlçatan, təhlükəsiz və rahat olmalıdır.

"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər" mövzusuna həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, şəhərlərin həqiqi inkişaf göstəricisi onun hər bir insan üçün nə dərəcədə əlçatan, təhlükəsiz, rahat və ləyaqətli həyat məkanı olmasıdır:

"Əlilliyi olan şəxslərin hüquqları da şəhərsalma siyasətinin mahiyyətinə daxil olan əsas insan hüquqları məsələlərindəndir. İİnklüziv şəhər mühitinin formalaşdırılması bərabər imkanların, sosial ədalətin və insan ləyaqətinə hörmətin mühüm şərtidir. Müyəssərlik pandus, lift və xüsusi nişanlarla yanaşı, insanın gündəlik həyatını sərbəst qurmasına imkan verən bütöv bir yanaşmanı ifadə edir. Bu isə şəxsin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət, ictimai xidmətlər və icma həyatında digər şəxslərlə bərabər şəkildə maneəsiz və səmərəli iştirak edə bilməsi deməkdir".

S.Əliyeva bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyət həyatında bərabər və səmərəli iştirakı müyəssər mühitin formalaşdırılması ilə mümkündür:

"Əlilliyi olan şəxslərin qarşılaşdığı bir çox çətinliklər daha çox mühitin düzgün qurulmaması ilə bağlıdır. Standartlara uyğun olmayan keçidlər, əlçatan olmayan ictimai nəqliyyat, uyğunlaşdırılmamış sanitar qovşaqlar, səsli və vizual məlumatlandırmanın yetərsizliyi, rəqəmsal xidmətlərdə mövcud maneələr insanın müstəqil yaşamaq və cəmiyyətdə bərabər iştirak etmək imkanlarını məhdudlaşdırır".

Ombudsman vurğulayıb ki, Bakı şəhərinin bir sıra mərkəzi ərazilərində ictimai məkanların, keçidlərin, nəqliyyat və informasiya infrastrukturunun əlilliyi olan şəxslər üçün müyəssərliyi monitorinq edilib. Həmin prosesdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi önəm verilib. Monitorinqin nəticəsi olaraq əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmini məqsədilə müvafiq təklif və tövsiyələrin əks olunduğu hesabat hazırlanmış, səlahiyyətli dövlət qurumlarına göndərilib".

Mənbə: report.az

Xəbər lenti