Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammiti yeni perspektivlər açır, qeyri hökumət təşkilatlarının Bakıda baş tutan II Həmrəylik Forumu da təşkilatı gücləndirir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, TDT türk dövlətlərinin gələcəyi, təhlükəsizliyi, xalqların xoşbəxtliyi baxımından çox vacibdir:
"Məhz bu məqsədlə də türk dövlətləri daimi olaraq bir yerə toplaşaraq, dünyada baş verən hadisələri geniş şəkildə müzakirə edir, istiqamətləri müəyyənləşdirir və gələcək üçün perspektiv vəzifələr müəyyən olunur".
Deputat qeyd edib ki, Qazaxıstanın Türküstan şəhərində TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dövlətlərinin birləşməsində yeni bir mərhələdir:
"Türk dövlətləri gündən-günə inkişaf edir və möhkəmlənir. Bu prosesdə Azərbaycanın mövqeyi və TDT-nin formalaşmasında Prezident İlham Əliyevin siyasəti əvəzedilməzdir. Elə buna görə də keçirilən bütün görüşlərdə dövlətin rəhbəri özünün bəşəri ideyalarınlarını ortaya qoyur və bu təşkilatın möhkəmlənməsi üçün yeni təkliflərini irəli sürür. İlham Əliyev bu görüşdə də qeyd edib ki, biz bir ailəyik, ailəmiz olan türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Bu, bu günün tələbidir, çünki dünyada baş verən münaqişələr, müharibələr, ziddiyyətlər türk dünyasını vahid bir ailədə birləşməyi zərurətə çevirir. Bu onların müdafiə qüvvətinin artırılması, dövlətlərin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir".
T. Rzayev vurğulayıb ki, yalnız dövlət başçıları deyil, ictimaiyyətin nümayəndələri də hər bir vətəndaş da bu prosesdə yaxından iştirak etməli və öz töhfəsini verməlidir.
"Bu baxımdan TDT-yə üzv olan ölkələrin qeyri-hökumət təşkilatlarının bir araya gəlməsi çox vacibdir. Müəyyən məsələlərin həllində onların rolu əvəzolunmazdır. Elə buna görə də TDT-yə üv olan ölkələrin QHT nümayəndələri Azərbaycanda toplaşır. Bu gün də belə bir toplantının həmrəyliyin nümayişinə çevrilib. Belə bir forumun keçirilməsi TDT-nin daha da möhkəmlənməsinə təkan verir".
Onun sözlərinə görə, nəinki dövlətlər, eləcə də xalqların nümayəndələri TDT uğrunda mübarizə aparmağa və təşkilatı gücləndirməyə səy göstərir. "Bu səylər gələcəyə, inkişafa, xalqların xoşbəxtliyinə, dövlətlərin bilavasitə dünyada böyük nüfuz yaratmasına şərait yaradır", - deputat qeyd edib.
"Hər birimiz bu birliyi, keçirilən zirvə görüşlərini yüksək qiymətləndiririk. Bütün bunlar nəinki Azərbaycana, o cümlədən TDT-yə daxil olan bütün ölkələrin xalqları üçün faydalıdır".
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.