IMG-LOGO

Banu Nurqaziyeva: WUF13 dünyadakı problemlərin həlli platforması kimi Azərbaycanın mövqeyini gücləndirir

16 May 2026 11:37 4 baxış
IMG

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ekoloji problemlərin həllinə daha çox diqqət yetirməlidirlər.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Vətəndaş Alyansının sədri Banu Nurqaziyeva mayın 16-da Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan sadəcə Şərqlə Qərb arasında strateji körpü deyil:

"Bu, həm də dialoq, etimad və qonaqpərvərlik məkanı, mədəniyyətlərin və ideyaların görüş yeridir. Biz həmçinin ekologiya sahəsində əməkdaşlığı gücləndirməliyik, çünki təbiət siyasi sərhədlər tanımır".

B.Nurqaziyeva həmçinin QHT-lər və vətəndaşlar arasında daimi kommunikasiya üçün vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.

Onun fikrincə, hazırda TDT çərçivəsində könüllülər hərəkatının gücləndirilməsinə ehtiyac var:

"Həmrəylik bizi istənilən sınaqdan daha güclü edir".

Alyans sədri ideyaların və təşəbbüslərin mübadiləsindən danışarkən mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rolunu xüsusilə vurğulayıb:

"Bu, beynəlxalq səviyyəli problemlərin həlli və ünsiyyət yollarının axtarılması üçün platforma təqdim edən bir ölkə kimi Azərbaycanın artan rolunu nümayiş etdirir".

Xəbər lenti