2025-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) qadın işçilərin xüsusi çəkisi 2024-cü illə müqayisədə 1 faiz bəndi çox - 38,1 % təşkil edib.
"Report" xəbər verir ki, bu barədə qurumun "Dayanıqlı maliyyə hesabatı"nda bildirilir.
Sənədə əsasən, ötən il işə yeni qəbul olunmuş qadınların payı 38 %-dən 40,5 %-ə yüksəlib.
O cümlədən, İdarə Heyətində qadınların payı dəyişməyərək 16,7 % qalıb, qadın baş direktorların payı 20 %-dən 11,1 %-ə düşüb, qadın departament direktorlarının payı 17,1 %-dən 25,7 %-ə, qadın bölmə/şöbə rəhbərlərinin payı isə 27,4 %-dən 27,6 %-ə çatıb.
"AMB gender balansının təmin edilməsinin təşviqi istiqamətində mühüm addımlar atır və bu sahədə bərabərlik prinsiplərini ön planda saxlayır. İş yerində qadın və kişilər üçün eyni imkanların yaradılması, onların peşəkar inkişafına və rəhbərlik mövqelərində bərabər iştirakına şərait yaradılır. Gender bərabərliyinə əsaslanan siyasət və tədbirlər, işçi heyətinin müxtəlifliyini gücləndirərək inklüziv və balanslı bir iş mühiti formalaşdırır. Bu yanaşma, həmçinin cəmiyyətdəki gender stereotiplərinin aradan qaldırılmasına və sosial məsuliyyətin artırılmasına xidmət edir. Departament direktorları arasında qadınların payının artması onların idarəetmənin mühüm qərarvermə səviyyəsində real təmsil olunduğunu göstərir. Bu göstərici təşkilatda qadınların rəhbər vəzifələrə irəliləməsi üçün imkanların mövcud olduğunu və gender müxtəlifliyinin praktik səviyyədə təmin edildiyini konkret şəkildə əks etdirir", - deyə hesabatda qeyd olunub.