Qazaxıstan və Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-fevral aylarında 2,4 milyard ABŞ dolları təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən demək olar ki, 40% çoxdur.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bunu Türk Dövlətləri Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) sədri Kanat Şarlapayev Astanada keçirilən "TDT ölkələrinin iqtisadi inteqrasiyası və kooperasiyası: sənaye, ASK, logistika və rəqəmsallaşmada yeni imkanlar" biznes-forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TDT ölkələri xammal ticarətindən sənaye kooperasiyasının dərinləşdirilməsinə və birgə investisiya layihələrinə keçməlidir.
K.Şarlapayev qeyd edib ki, Türk İnvestisiya Fondu artıq praktiki layihələr portfelinin formalaşdırılmasına başlayıb və ilkin mərhələdə təşəbbüslərin birgə maliyyələşdirilməsinə 20 milyon ABŞ dollarından çox vəsait ayırmağa hazırdır.
O vurğulayıb ki, Orta Dəhlizi təkcə tranzit marşrutuna deyil, həm də birgə müəssisələr, aqrosənaye zonaları və dərin emal mərkəzləri olan sənaye kəmərinə çevirmək lazımdır.
TCCI rəhbəri, həmçinin sövdələşmələrin sürətləndirilməsi və türk dövlətləri arasında maneəsiz rəqəmsal mühitin inkişafı üçün TDT ölkələrinin etibarlı təchizatçılarının vahid reyestrinin yaradılmasının zəruriliyini bildirib.
Onun sözlərinə görə, sənaye və aqrosənaye sektorunda innovasiyaları tətbiq edən, eləcə də yüksək məhsuldar iş yerləri yaradan layihələr maliyyələşdirməyə prioritet çıxış əldə etməlidir.