IMG-LOGO

BSTDB-nin Bakıda keçiriləcək illik iclasının tarixi məlum olub - EKSKLÜZİV

12 May 2026 14:55 5 baxış
IMG

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Rəhbərlər Şurasının 28-ci illik iclası iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək.

"Report"un məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, iclasın özü iyunun 29-da və 30-da keçiriləcək, iyulun 1-nə isə biznes-forum planlaşdırılıb.

Gözlənilir ki, müzakirələrdə Azərbaycan üçün xüsusilə aktual olan iqtisadi şaxələndirmə və regional qarşılıqlı əlaqələr kimi mövzular üstünlük təşkil edəcək.

"Əsas məqsədimiz təkcə regionun qarşısında duran ən aktual problemləri müzakirə etmək deyil, həm də bu görüşlərin konkret nəticələrə və potensial layihələrə səbəb olmasını təmin etməkdir. Biz bu prosesə böyük əhəmiyyət veririk və Bakıdakı görüşlərin məzmunlu və məhsuldar olması üçün tərəfdaşlarımızla intensiv işləyirik", - BSTDB-nin prezidenti Serhat Köksal daha əvvəl "Report"a müsahibəsində bildirib.

2026-cı ilin aprel ayına olan məlumata görə, BSTDB Azərbaycana təqdim etdiyi kredit resurslarının həcmini 93,579 milyon avro (15,4 %) artırıb, bunun da nəticəsində ümumi məbləğ 701,614 milyon avroya çatıb. Bu vəsaitlər ölkə ərazisində 42 layihənin maliyyələşdirilməsinə yönəldilib.

Bank qeyd olunan tarixə Azərbaycanda 44 layihənin həyata keçirilməsi üçün 442,173 milyon avronun ayrılmasını təsdiqləyib, tərəflər arasında imzalanmış müqavilələr isə 439,58 milyon avro təşkil edir. Ötən il ərzində bu göstəricilər müvafiq olaraq 11,379 milyon avro (2,6 %) və 71,043 milyon avro (19,3 %) artıb.

Bankın Azərbaycan üzrə kredit portfelində ən böyük payı maliyyə institutları (49,37 %) tutur. Daha sonra energetika sahəsi (35,88 %), daşınmaz əmlak sahəsi (7,04 %), istehlak sektoru (3,99 %) və istehlak malları seqmenti (3,72 %) gəlir.

Azərbaycanın BSTDB-nin nizamnamə kapitalındakı payı 5 %-ə bərabərdir.

Xəbər lenti