"Qala Həyat Sığorta" ASC bu ilin I rübünü 1,995 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,05 % azdır.
Yanvar-mart aylarında "Qala Həyat Sığorta"nın gəlirləri 7,136 milyon manat (1 il əvvələ nisbətən 17,4 % çox), xərcləri 4,642 milyon manat (34,55 % çox), mənfəət vergisi ödəmələri isə 499 min manat (5,05 % az) təşkil edib.
Bu il aprelin 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 51,173 milyon manat olub ki, bu da illik müqayisədə 8,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,5 % artaraq 23,509 milyon manata, balans kapitalı isə 0,3 % azalaraq 27,664 milyon manata düşüb.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.