Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu Cənubi Qafqaz ölkələrinin strateji əhəmiyyətini qeyd edərək, Azərbaycanın energetika və regional bağlılıqdakı rolunu xüsusi vurğulayıb.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə nazir Lüksemburqda Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Buxarest Azərbaycan, Ermənistan və Gürcüstanın xarici siyasət idarələrinin rəhbərləri ilə məsləhətləşmələr aparıb, regionun əməkdaşlıq və dayanıqlı inkişaf məsələlərinə xüsusi diqqət yetirib.
"Cənubi Qafqaza gəldikdə, mən Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri ilə danışıqlar aparmışam. Bu, xüsusilə Azərbaycan kontekstində vacibdir. Bu gün həmkarlarıma çatdıracağım mesaj onların enerji infrastrukturu və əlaqədə oynadıqları əsas rolla əlaqədardır", - Tsoyu deyib.
O, həmçinin İrəvanın regional proseslərdəki rolunu qeyd edərək vurğulayıb: "Ermənistanla əlaqə bizim regionla münasibətlərimizin əsas amilidir".
Rumıniya XİN rəhbəri əlavə edib ki, iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı region ölkələri vətəndaşlarının rifahına və onların Aİ ilə qarşılıqlı əlaqələrinə birbaşa təsir göstərir.
"Avropa gələcəyinə, Aİ-yə aparan yol hazırda qəbul etdiyimiz və iqtisadi faydalar baxımından vətəndaşlar tərəfindən birbaşa hiss olunan qərarlarla bağlıdır", - o vurğulayıb.